Bilindiyi kimi, oyun “İctimai TV”nin efirində canlı yayınlanacaq. Telenakanalın İdman Departamentinin rəhbəri Kənan Hakimovla şərhçisi Tural Dadaşov Stavangerə yollanıb.
“Football-plus.az” bu suallara cavab tapmaq üçün Kənan bəylə əlaqə saxladı: bizi narahat edən əsas məqamlardan biri hava amilidi. Hazırda hava necədi? “Lays Arena”nın ot örtüyü sünidi. Qazonun durumu ilə maraqlanmısızmı? Ot örtüyünü ölkəmizdəki süni qazonlarla müqayisədə nə dərəcədə əlverişlidi? Oyuna 16 minə yaxın bilet satılıb. Matça belə xüsusi marağın olmasının səbəbi nədi? Ən əsası, bugünkü oyunun taleyinin müəyyənləşdirilməsində həlledici amil nə olacaq?
Kənan bəyi dinləyək:
“Bəli, burda hava soyuq və şaxtalıdı. Amma yağıntı yoxdu. Norveçin başqa şəhərləri ilə müqayisədə Stavanger daha əlverişli hava şəraitinə malikdi. “Sabah” daha əvvəl də Çempionlar Liqasında süni örtükdə oyunlar keçirib. Məlumdu ki, bu səviyyədə ot örtüyünün keyfiyyəti FİFA tərəfindən yoxlanılır. Əks halda, burda Çempionlar Liqasının liqa mərhələsinin oyunları keçirilməzdi. Futbolçular dünən bu qazonda məşq etdi. Biz də gördük ki, ot örtüyü yaxşıdı. Görünüş baxımından normal təsir bağışladı. 15 min bilet yalnız “Vikinq” azarkeşlərinə satılıb. Dünən aldığım məlumata görə, “Sabah”ı 280 azarkeş dəstəkləyəcək. Onsuz da “Vikinq” azarkeş marağı baxımından problem yaşamır. Bütün biletlərin satılması, məncə, xüsusi hal deyil. Hər halda, söhbət Çempionlar Liqasının oyunundan gedir. Hətta bildiyimə görə, yerli azarkeşlər oyunun başlamasına 15 dəqiqə qalmış atəşfəşanlıq edəcəklər, “faer-şou” göstərəcəklər. Oyunun taleyini müəyyənləşdirəcək amilə gəlincə, “Vikinq”in üstünlüyü doğma meydandı. Azarkeşləri stadionda fantastik ab-hava yaradırlar. Bunun nəticələrə çox böyük təsiri olur. Ancaq “Sabah”ın təcrübə topladığını unutmamalıyıq. Komandamız Praqa “Slaviya”sını məğlub edib. “Mançester Yunayted”in meydanında olub, Dortmund “Borussiya”sına qarşı yaxşı performans sərgiləyib. Üstəlik, “Sabah” üzərində daha az təzyiq var. “Vikinq” cəmi 1 xal toplaya bilib. Bununla belə, meydan sahibləri süni ot örtüyünə öyrəşib. Norveçdə çempionat “yaz-payız” sistemi ilə keçirilir. Komanda hazırda formasının zirvəsindədi. Çemponatın qızğın vaxtıdı. “Vikinq”in “Bavariya” ilə 3:3 hesablı heç-heçə etməsi çox şeydən xəbər verir. Yenə də “Sabah”a uğurlar arzulayırıq. Ümid edirik ki, komandamız bizi qələbə ilə sevindirəcək”.
KƏNAN BAHADIR





