Güclü və dayanıqlı regional futbol klublarının formalaşdırılmasını özünə vizyon seçən FİF region klublarının davamlı inkişafına dəstək göstərməyi, futbol sahəsində irs formalaşdırmağı və cəmiyyətin hər bir üzvünə bu prosesdə yaxından iştirak imkanı yaratmağı özünün missiyası hesab edir.
Bəs FİF-in son 10 ildəki fəaliyyəti Azərbaycan futboluna nə qazandırıb? Qurum bu müddətdə region klubların inkişafına nə dərəcədə təsir göstərə bilib? Doğrudanmı, bu ölkədə adamlar futbolu, məsələn, güləş qədər sevirlər?
Bu suallara cavab tapmaq üçün FİF-in icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq:
"Son 10 ilin təxminən 5 ili aktiv fəaliyyət dövrü olub. Düşünürəm ki, bu müddətdə, xüsusilə klub futbolunun inkişafında əsas oyunçulardan birinə çevrilə bilmişik. Təbii ki, klub futbolunun inkişafına ən böyük təsir dövlət tərəfindən ayrılan maliyyə dəstəyi hesabına olub. Öz növbəmizdə biz də bir çox klubların inkişafına birbaşa dəstək vermişik. Bəzi klubları, ümumiyyətlə, dağılmaq və fəaliyyətini dayandırmaq təhlükəsindən xilas etmişik. Güləşlə müqayisəyə gəlincə... Futbol ölkəmizdə ən çox sevilən və izlənilən idman növüdü. 2017, 2019 və 2021-ci illərdə “Nielsen” şirkətinin Azərbaycanda keçirdiyi idmana maraq sorğularında futbol hər dəfə digər idman növlərini ciddi fərqlə qabaqlayıb. Məsələn, 2021-ci ildə respondentlərin 43 faizinin futbola, 18 faizinin isə güləşə maraq göstərdiyi müəyyənləşib. Son illərə aid statistika olmasa da, düşünmürəm ki, həmin vaxtdan bu günə qədər vəziyyətdə ciddi dəyişiklik baş verib".
İSRAYIL XEYRULLAYEV





