"Kəpəz"in uğur seriyası: gerçək əzəmət, yoxsa stəkanda fırtına?

4.11.2026 13:40 279
Ölkə futbolu
Doğma məkana – Gəncə şəhər stadionuna qayıdan “Kəpəz” mövsümə uğurlu başlayıb. Gəncəlilər son 6 oyunda uduzmayıb, 9 oyunun 7-də xal qazanmağı bacarıb. Hesabında 5 qələbə və 2 heç-heçə olan “sarı-göylər” yalnız 2 matçda meydanı xalsız tərk edib.

Hazırda 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan “Kəpəz”in təxirə salınan bir oyunu da var. Bu isə komandanın mövqeyini daha da yaxşılaşdırmaq imkanının olduğunu göstərir.

“Kəpəz” əzəmətindən danışırıqsa, əsas amillərdən biri də azarkeş dəstəyidi. Komanda hər ev oyununa orta hesabla 10 mindən çox azarkeş toplamaqla bu göstəricidə premyer-liqanın liderinə çevrilib. Üstəlik azarkeşlərin səfər oyunlarını birgə izləməsi üçün də şərait yaradılıb. Belə ki, “Gəncə Mall”da yerləşən "Cinemastercard"la əməkdaşlıq çərçivəsində geniş ekranda oyunlar nümayiş olunur. Bu təşəbbüs hələ böyük maraq doğurmasa da, ən azı addım atılıb.

Görünən odu ki, “Kəpəz” Gəncəyə qayıdışından maksimum yararlanır. Komanda həm meydandakı nəticələri, həm də tribunalardakı izdiham ilə diqqəti çəkir. “Sarı-göylər” bu uğurlu çıxışı həm də qışda transferlərlə müşayiət etsə, mövsümün sonunda avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulmaları istisna olunmur. Yeri gəlmişkən, Gəncə Avropada sonuncu dəfə 2016-da görünüb.

İSRAYIL XEYRULLAYEV