Almaniyanın 2-ci bundesliqasında - "Nürnberq" və "Kayzerslautern"də üzləşdiyi uğursuzların ardından icarə əsasında "Rakuv"la anlaşan Mahir yenə bəxtsizliklə üzləşib.
Yox, həmvətənimiz bu dəfə baş məşqçisi ilə problem yaşamayıb. Nə də forma şansı qazanmaqla bağlı çətinlik var. Əksinə, Mahir bu mövsüm Konfrans Liqasında keçirdiyi 6 matçda 3 qol, Polşa çempionatında meydana çıxdığı 5 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Artıq "Rakuv" Mahirin azarkeşlər tərəfindən sevildiyinin fərqindədi və sosial şəbəkə hesablarında ona həsr olunan videoçarxlar yayınlayır, qarşıdan gələn görüşlərin posterlərində Mahir yer alır. Komanda yoldaşları dəqiqliyinə arxayındı, cərimə meydançasında onu topla təmin etməyə çalışırlar. Ümumən, Mahirin hazırki durumuyla bağlı daha bir neçə müsbət məqam saymaq olar. Lakin bir xoşagəlməz tendensiya var ki, bu gün məhz həmin detala diqqət yetirəcəyik.
"Rakuv" ölkə çempionatında keçirdiyi ilk 5 oyunun hamısında uduzub. Düşünmək olardı ki, kollektiv həm də Konfrans Liqasında mübarizə apardığından çox güc itirir, bu üzdən, bu yarışa köklənə bilmir. Ancaq "Rakuv" avrokuboklarda dayandıqdan sonra keçirdiyi görüşlərdə də uduzub. Baxmayaraq ki, klub Polşanın 4-cü ən bahalı heyətinə malikdi. Hətta komandada baş məşqçi ayrılığı da yaşanıb. Avqustun 31-də istefa verən David Kroçeki bir gün sonra əvvəllər də məşçilər korpusunda yer alan David Şulçek əvəzləyib. Lakin, göründüyü kimi, hələ bu addım da öz bəhrəsini verməyib.
"Rakuv" bu gün Polşa çempionatının 7-ci turunda "Lex Poznan"ın qonağı olacaq. Ümid edək ki, komandası da Mahir kimi tilsimi qıracaq və mövsümün ilk qələbəsini qazanacaq. Əks halda, Emrelinin əziyyəti bəhrə verməmək də davam edəcək və heç şübhəsiz, bu durum hücumçumuzun psixologiyasına mənfi təsir göstərəcək və ən sonda, qollar vurmasına mane olacaq.
KƏNAN BAHADIR
Bəxtsiz cavan - YAZI
Yazarlar / Manşet






