"Qarabağ"ın çərşənbə axşamı yollarını ayırdığı Abbas Hüseynovun karyerasını harda davam etdirəcəyi ilə bağlı xəbərlər yayılmaqdadı.
Xatırlayırsızsa, biz təcrübəli müdafiəçinin "Zirə" ilə danışıq apardığını yazmışdıq. Sadəcə, bugünlərdə onu daha bir klubun heyətinə qatmaqda maraqlı olduğu iddia edilib. Söhbət hədəfi avrokuboklara vəsiqə qazanmaq olsa da, "zirzəmi"nin daimi sakininə çevrilən "Araz-Naxçıvan"dan gedir. Sadəcə, bu izdivac başa tutmayıb. Ona görə ki, Abbas qarşı tərəfə "qiymət oxuyub". Tələbin klubun büdcəsi ilə uzlaşmadığını görən "qırmızı-ağlar" isə geri addım atıb.
Əlbəttə, bu xəbərin səhih olub-olmadığını öyrənmək məqsədilə naxçıvanlıların icraçı direktoru Eldəniz Yusubovla əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz fayda vermədi. Mövzu ilə bağlı araşdırmalarımız zamanı isə "Araz-Naxçıvan"ın mərkəz müdafiəçisi axtarışında olduğu üzə çıxdı. Yəni komandanın heyətini Hüseynovla gücləndirmək ehtimalı azdı. Çünki 31 yaşlı Abbas əsasən müdafiənin sağında oynayır.
Odu ki, Abbas dərhal "Zirə"yə "hə" deməli, karyerasını iddialı komandada davam etdirməlidi. Yoxsa millidə, "Qarabağ"ın heyətində avrokuboklarda qazandığı təcrübə onun üçün "yanacaq" ola bilməz. Bəlkə də "Zirə", Rəşad Sadıqov premyer-liqaya həsrət qalan Abbas üçün "nəfəslik" rolunu oynayacaq. Yekun qərar isə təbii ki, futbolçuya məxsusdu. Ya "Zirə", ya da "zirzəmi"!
KƏNAN BAHADIR
Ya "Zirə", ya da "zirzəmi"... – Abbas hansı variantı seçəcək?
Ölkə futbolu / Manşet





