Əlbəttə, "Zaqatala"nın həm maddi, həm də heyət baxımından böyük problemlər içində olduğunu bilirik, əvvəllər bu barədə oxucularımıza bilgi vermişik. Bəs, vəziyyət 2-ci liqa komandası ilə belə bacara bilməyəcək qədər pisdi, yoxsa gözlənilməz məğlubiyyətin başqa səbəbləri də var?
Sualımızı "Zaqatala"nın baş məşqçisi Rakif Əliyevə ünvanladıq. Onun "Football-plus.az"a cavabı:
"Oyunu üç hissəyə bölmək olar. İlk 30 dəqiqədə biz üstün oynadıq. Hücumlar təşkil etdik, hesabı açmağa çalışdıq. Ancaq cəhdlər fayda vermədi. İkinci 30 dəqiqədə təşəbbüsü ələ alan "Marafon" isə təhlükəli vəziyyətlərin birində istəyinə nail oldu. Qalan vaxtda biz hesabı bərabərləşdirməyə çalışdıq. Lakin gah qeyri-dəqiqlik, gah da rəqib qapıçının səyləri bizə mane oldu. Nəticədə uduzduq. Hər oyuna qalib gəlmək üçün çıxırıq. İndiki durumda qələbə qazanmaqdan başqa yol yoxdu. Onu da bilirik ki, "Marafon"u məğlub etməyə borcluyduq. Sadəcə, alınmadı. Heyətimiz 23 yaşadək futbolçulardan qurulub. Əksəri indiyə qədər 1-ci liqada 5 oyun belə keçirməyib. Təcrübəsizdilər. Ümid edirəm ki, birlikdə olduqca, oyunlar keçirdikcə daha möhkəm kollektiv olacağıq".
KƏNAN BAHADIR





