“Zirə” Abbas üçün “qaza basdı”!

28.10.2026 22:48 117
Ölkə futbolu / Manşet
“Qarabağ” dünən futbolçusu Abbas Hüseynovla yolları ayırdı. Beləliklə, təcrübəli müdafiəçinin “köhlən atlar”ın heyətində təxminən 9 il davam edən macərası başa çatdı. Artıq o, karyerasında yeni səhifə açmağa hazırlaşır.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Abbasın ağdamlılardan ayrılması “Zirə”nin istəyi ilə bağlıdı. Çünki zədəli və cəzalı futbolçuların çoxluğu üzündən heyət çatışmazlığı ilə üz-üzə qalan “qartallar” çarəni Abbası transfer etməkdə görür. Klublar arasında aparılan danışıqlar “Qarabağ”ın Hüseynovla yolları ayırması, futbolçunun azad agent statusu qazanması ilə nəticələnib. Odu ki, qəsəbə təmsilçisi müdafiəçini problemlə üzləşmədən heyətinə qatacaq.

Xatırladaq ki, Abbas ötən mövsüm intizamsızlığa görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi.

KƏNAN BAHADIR