Aprelin ortalarında “Qarabağ”ın düşərgəsindən gələn xəbər hər kəsi təəccübləndirdi. Belə ki, onda komandanın yerli oyunçularından Elvin Cəfərquliyevlə Abbas Hüseynov nizam-intizam qaydalarını pozduğuna görə əsas komandadan uzaqlaşdırıldı. Sonradan Elvinin “bəxtinə gün doğdu”, Qurban Qurbanov xahişləri nəzərə alıb, onu heyətə qaytardı. Abbas isə...
Bəli, bu müdafiəçi birdəfəlik gözdən düşüb. Ona artıq heç bir halda əsas komandanın oyunçusu kimi baxılmır.
Bir müddət futboldan kənarda qalan Abbas Hüseynov sentyabrın 12-də “Qarabağ”ın əvəzedici heyətinin “Araz-Naxçıvan”la oyununda meydana çıxıb. Müdafiəçi 46-cı dəqiqədə oyuna qoşulub. “Qarabağ”ın əsas komandasının “Zirə” ilə matçından sonra jurnalistlərdən biri Qurban Qurbanova məhz Abbas Hüseynovla bağlı sual ünvanlayıb:
– Qurban müəllim, Elvin Cəfərquliyev kimi əsas heyətdən uzaqlaşdırılan Abbas Hüseynovun əsas heyətə qayıtması mümkündü?
Qurban Qurbanovun cavabı bütün suallara nöqtə qoydu:
– Yox, ona hər şey bildirilib. Danışılası bir şey yoxdu.
Bir sözlə, “Azpetrol”, yaxşı yol…
Əslində cavabın belə qısa və qəti olması vəziyyəti anladır. Bir vaxtlar “Qarabağ”ın əsas heyətində müntəzəm oynayan, kifayət qədər təcrübəsi olan və uzun müddət komandaya xidmət edən futbolçu hazırda əvəzedici heyətdə meydana çıxır. Üstəlik baş məşqçinin sözlərindən belə anlaşılır ki, onun əsas komandaya qayıtması gündəmdə deyil.
Burda maraqlı məqam odu ki, Abbas Hüseynovun “Qarabağ”la müqaviləsinin başa çatmasına hələ bir il var. Yəni klubla müqavilə müddəti davam edən futbolçu faktiki əsas komandanın planlarından kənarda qalıb. Böyük ehtimalla müqavilə müddəti bitdiyi an yola salınacaq.
Maraqlıdı, gedəcəyini bilə-bilə, özünü oyunlara, mübarizəyə necə kökləyir? Yay “transfer pəncərəsi”ndə “Qarabağ”dan ayrılması ən doğru seçim olmazdımı?
İSRAYIL XEYRULLAYEV
Abbas Hüseynovun “Qarabağ”dan getməkdən başqa yolu qalmadı
Ölkə futbolu / Manşet





