Superliqanın autsayderinin yeni baş məşqçisi bəlli oldu

2.10.2026 10:00 63
Dünya futbolu
Türkiyə çempionatında 6 turdan sonra 3 xalla sonuncu pillədə qərarlaşan ''Eyüpspor''un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Xatırladaq ki, elitanı tərk etməyə əsas namizəd sayılan İstanbul təmsilçisi son turda ''Fənərbaxça''dan 8 top buraxaraq tarixi bir fiasko yaşadıqdan sonra baş məşqçi Özhan Pulat istefa vermişdi. ''Eyüpspor''u bu durumdan çıxarmaq öhdəliyini üzərinə Mustafa Dalcı götürüb. Təcrübəli mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

2008-dən bu yana məşqçilik sahəsində olan 53 yaşlı Dalcı indiyə qədər 12 fərqli klubda çalışıb. Ancaq onların böyük əksəriyyəti aşağı liqa təmsilçiləri olub. O son olaraq ötən mövsüm 1-ci liqa təmsilçisi ''Sakaryaspor''da çalışmışdı. Amma Sakarya təmsilçisinin sona 3 tur qalmış 2-ci liqaya yuvarlanması rəsmiləşdikdən sonra Dalcı ilə yollar ayrılmışdı.