Tədbir çərçivəsində azarkeşlər futbolçular və baş məşqçi ilə yaxından ünsiyyət qurmaq, onlardan avtoqraf almaq imkanı qazanıb. Həmçinin iştirakçılar üçün müxtəlif əyləncəli oyunlar və hədiyyələr nəzərdə tutulub. Ən maraqlı məqamlardan biri isə azarkeşlərə noyabrın 25-də keçiriləcək “Sabah” – “Barselona” qarşılaşmasına bilet qazanmaq şansının yaradılması olub.
Bəs klub azarkeşlərin imza gününə münasibətindən razı qaldı? Təşkilatçılıqla bağlı hansı problemlər yarandı?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Sabah”ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb:
“Çempionlar Liqasındakı vacib oyun ərəfəsində baş məşqçimiz və futbolçularımızın iştirakı ilə imza günü təşkil etməkdə məqsəd azarkeşlərimizlə daha yaxından ünsiyyət qurmaq idi. Görüşə maraq gözlədiyimizdən də böyük oldu. İştirak edən bütün azarkeşlərimizə təşəkkür edirik. Tədbir əvvəlcədən müəyyən edilmiş qrafik üzrə keçirildi. Bəzi azarkeşlərimizin baş məşqçimiz və futbolçularımız ilə daha çox vaxt keçirmək istəyini anlayırıq. Görüş üçün ayrılan vaxt ərzində mümkün qədər çox azarkeşə bu fürsəti yaratmaq üçün qrafikə əməl etdik. Gələcəkdə də belə görüşlər təşkil etməyi planlaşdırırıq. Ümid edirik ki, bu dəfə baş məşqçimiz və futbolçularımızla görüşə bilməyən azarkeşlərimiz növbəti tədbirlərdə bu imkandan yararlana biləcəklər”.
İSRAYIL XEYRULLAYEV





