Mövzu Ayxan Abbasov deyil - KÖŞƏ

22.11.2026 23:01 0
Yazarlar / Manşet
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin “azərisport”a verdiyi müsahibə bizi daha bir acı gerçəkliklə üz-üzə qoydu. Daha doğrusu, bildiyimiz bu gerçəklik millinin qapıçısının dilindən öz təsdiqini tapdı.

Belə ki, Şahruddin Lixtenşteynlə oyundan əvvəl reqlamentdən xəbərsiz olduqlarını deyib. Millinin futbolçularına top fərqinə görə Maltanı qabaqlaya biləcəyimiz, bundan sonra da Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımızın davam edəcəyi deyilməyib. Təsəvvür edin, bir təyyarə adam Avropanı gəzməyə gedib. Futbolçuları başa düşdük, onların yazıb-oxumaqla arası yoxdu.

Bəs bu millinin məşqçilər korpusu, inzibatçıları, AFFA-nın bir dəstə qalstuklu rəsmisi hara baxırmış?
Şəxsən mən hadisələrə real baxan adamam. Ona görə də millinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağını ümid bəsləyəcək qədər sadəlöhv ola bilmirəm. Amma bir halda ki, belə şans yaranacaqmış, bu şansı sona qədər niyə qovalamamışıq? Adamın ağlına min cür fikir gəlir. Fikirləşirsən ki, olmaya AFFA rəsmiləri Lixtenşteyn, Andorra, San Marino, Litva kimi rəqiblərlə oynamaqdan və bununla da məğlubiyyətsiz oyunlar seriyasını uzatmaqdan hədsiz həzz alıblar, seriyanın pozulmaması üçün səslərini çıxarmayıblar?! Çünki hədəflər ciddiləşdikcə rəqiblərin səviyyəsi də yüksələcəkdi axı. Belə rəqiblərlə oynayıb, meydandan məğlubiyyətsiz ayrılmaq isə indiki Azərbaycan millisinin səviyyəsinə uyğun deyil.

Bütün bunları araşdırıb, reqlamenti araşdırmaq əvəzinə bizimkilər “Avropa turnesi”ndə gəzmək, bol-bol şəkil çəkdirmək, alış-veriş etmək, sonra da mətbuata pafoslu açıqlamalar verməklə məşğul olublar. Ona görə də ciddi məsələlər yaddan çıxıb.

Belə baxıram ki, hazırkı AFFA idarəçiləri, ümumiyyətlə, ciddi məsələlərə diqqət ayırmaq, onların həlli ilə məşğul olmaq barədə düşünmür. Deyirdilər ki, yığmanın heyətini gəncləşdirməklə məşğuldular. Amma Andorra ilə oyunda hesabı qorumaq üçün 35 yaşını bu yay tamamlayan, 40-ı haqlamaq üzrə olan Bədavi Hüseynovun köməyinə ehtiyac duyduq. Guya Andorranı 3:1 yox, 3:2 hesabıyla üstələsəydik, nə olacaqdı? Mən hələ Toral Bayramovun penaltidən vurduğu qoldan sonra bizimkilərin Lixtenşteynlə oyundakı moduna dönməsindən, hesabı qorumaqdan ötrü hücumları səngitməsindən danışmıram.Ona görə danışmıram ki, bu “pis xasiyyətimiz”, hesabı qorumaq fəlsəfəsi Lixtenşteynlə oyunda özünü o qədər biabırçı formada göstərdi ki, əlavə nəsə deməyə ehtiyac qalmayıb.

Ümumiyyətlə, Azərbaycan futbolunun səviyyəsi ilə bağlı problemlərə təkcə əsas milli komandanın oyunlarının üzərindən yanaşmağın əleyhinəyəm. Şahin Diniyevin bir yaxşı sözü var. Deyir ki, milli komanda ölkə futbolunun tavanıdı, bütün problemlər özünü orda göstərir. Milli komandanı yoxlama oyununda Andorra ilə qarşılaşdırmaqla, Omanın gənclər yığmasını bir həftədə iki dəfə məğlub etməklə özümüzü niyə aldadırıq?! Tarixdə nəticə-statistika qalır deyirsizə, U-17 yığmasının Şimali İrlandiyaya, onlardan iki yaş böyüklərin Serbiyaya 0:4 hesabıyla məğlub olması tarixdə qalmayacaqmı? Yoxsa Monteneqronun U-19 yığmasının qapımıza 7 qol vurmasını Andorranı və Omanı məğlub etməklə unutduracağınızı düşünürsüz?

Sözümün canı odu ki, özümüzü aldatmayaq. Xirtdəyəcən problem içində olan Azərbaycan futbolunu xilas etmək lazımdı. Özü də vaxt itirmədən. Bəzən dəyərli dostlarımız da mövzuları qarışdırır, AFFA-ya və futbolumuzun hazırkı vəziyyətinə yönələn tənqidlərin ortasına Ayxan Abbasovu salırlar. İddia edirlər ki, tənqidçi mətbuat Abbasovun adını çəksə, AFFA gedib əcnəbi məşqçi gətirəcək. Yaxud belə fikir var ki, futbolçu seçimi məhduddusa, hücumçumuz yoxdusa, buna Ayxan Abbasov neynəməlidi? Məsələ Ayxan Abbasov deyil, dostlar. AFFA belə çətin məqamda Ayxan bəyə millini tapşırmaqla öz yaxasını kənara çəkir, tənqid oxlarını azərbaycanlı baş məşqçiyə, yerli futbolçu nəslinə yönəltmək istəyir. Guya ki, onların vəzifəsi təkcə təşkilatçılıq və pul xərcləməkdi.

Belə deyil, cənablar. Problemləri həll etmək, millinin baş məşqçisi üçün material yetişdirmək sizin birinci vəzifənizdi. Millinin baş məşqçisinin kimliyi, yerli, yoxsa əcnəbi olması isə bundan sonrakı məsələdi. 

AMAL