Əliyar Ağayev Gürcüstan yığmasının oyununda səhv qərarlar verib? – DETALLAR

29.09.2026 17:51 153
Ölkə futbolu / Manşet
Ölkəmizin fəaliyyətdə olan ən təcrübəli FİFA referisi Əliyar Ağayev uzun müddət sonra yenidən Millətlər Liqası matçında iş başında oldu.

Sonuncu dəfə bu turnirdə 2020/21 mövsümündə Bolqarıstan – Uels (0:1) qarşılaşmasını idarə edən ədalət təmsilçisi dünən keçirilən Gürcüstan – Ukrayna matçında meydana çıxdı. Düzdü, bu oyunda meydan sahibləri hücumlarda daha fəal, istəkli idi. Ancaq komandaların qapılara yol tapa bilməməsi matçın qolsuz “sülh”lə yekunlaşmasına gətirib-çıxardı.

Matçda o qədər də ciddi qayda pozuntuları qeydə alınmadı. Qol vurmağa köklənmiş komandaların mübarizəsi həddən artıq kobudluqla yox, daha çox baxımlı oyunla yadda qaldı. Belədə Əliyar Ağayev üçün ciddi çətinlik ortaya çıxmadı. Nəticədə referi 43382 tamaşaçı önündə meydana çıxdığı görüşdə meydan sahiblərinin 2, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərdi. Rəsmi xəbərdarlıqların hamısı rəqibə qarşı sərt müdaxilə üzündən edildi.

Hər halda, Əliyar Ağayev bu sınaqdan üzüağ çıxa bildi. Ondan narazılıq edən olmadı.

Xatırladaq ki, sözügedən matçda FİFA referisinin köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov olub. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirib. Görüşün VAR hakimi italiyalı Aleandro Di Paolo, onun köməkçisi isə İnqilab Məmmədov idi.

KƏNAN BAHADIR