"Kəpəz" yaxşı klubdu, lakin qışda "Gəncəbasar"ı tərk etmək haqda düşünmürəm" - "qol maşını" Açimi

23.11.2026 13:54 36
Müsahibə / Manşet
Dileyn Açimi... Onu 1-ci liqa klublarının kabusu adlandırsaq, yanılmarıq. Çünki "Gəncəbasar"ın kamerunlu hücumçusu rəqiblərə göz açmağa imkan vermir. Zarafat deyil, futbolçu cari mövsümdə meydanı qolsuz tərk etməyib! İlk 7 turda 13 qola imza atan oyunçu ölkə kubokunun 2-ci təsnifat mərhələsində "Xankəndi" ilə matçda dubl etməklə komandasının mərhələ adlamasına səbəbkar olub. Kamerunlu ötən mövsüm adı dəyişdirilərək "Gəncəbasar" olan "Cəbrayıl"ın heyətində çıxış edib.

Bəs futbolçunun uğurlarının sirri nədədi? Açimi karyerasında belə yüksəlişi nəyə borcludu? Hadisələrin axarı onun premyer-liqa klubuna, konkret "Kəpəz"ə keçidi ilə nəticələnə bilərmi?

Açimi ilə həm yuxarıdakı, həm də başqa suallar ətrafında söhbətləşdik.

- Mövsüm sənin üçün hədsiz uğurlu keçir. "Gəncəbasar" yeni formalaşdırılan komanda olsa da, uyğunlaşma prosesində çətinlik çəkmədin.
- Bəlkə də təvazökarlıqdan uzaq olacaq. Amma bildirməliyəm ki, tez uyğunlaşmaq mənim ən çox sevdiyim, əsas xüsusiyyətlərimdən biridi. Təbii ki, bunda klub rəhbərliyinin, məşqçilər korpusunun və komanda yoldaşlarımın da rolu var. Onlar mənə etimad göstərir, mən isə ümidləri doğrultmağa çalışıram.

- Birinci liqada keyfiyyətin artdığını düşünürsən? Rəqabət artıb?
- Bəli, ötən mövsümlə müqayisədə çempionat çox inkişaf edib. Çempionatın səviyyəsini 10 ballıq şkala ilə qiymətləndirməli olsam, 6 bal verərdim. Biz də daha yaxşısını etməyə çalışırıq. Yeni komanda olsaq da, iddialı çıxışla yadda qalmaq istəyirik.

- Bəs qolları sıralamaq oyundan-oyuna daha çətin olmur? Axı rəqiblər bu dəfə daha hazırlıqlı meydana çıxırlar. Ümumiyyətlə, 1-ci liqada örnək legionerlərdən birinə çevrildiyin göz önündədi. Bunu nəyə borclusan?
- Əsas məqsədim meydana çıxdığım bütün oyunlarda komandamla birgə qələbə qazanmaqdı. Buna nail olduqca özümü xoşbəxt hiss edirəm. Təbii ki, rəqiblərin mənə qarşı hazırlaşdığını bilirəm. Onların işi budu. Mənim vəzifəm isə qollar vurmaqdı. Futbolda hamı öz üzərində çalışmaqda, dərslərini təkrarlamaqda sərbəstdi. Biz rəqiblərə yuxarıdan aşağı baxmırıq. Bütün komandaları qiymətləndiririk.

- Adın Gəncənin daha məşhur klubu "Kəpəz"lə hallanır. Bu klubdan təklif alsan, qəbul edəcəksən? Premyer-liqada çıxış etmək şanslarınızı necə dəyərləndirirsən? Qış "transfer pəncərəsi"ndə klubdan ayrılmağın mümkündü?
- "Kəpəz" yaxşı klubdu, lakin qışda "Gəncəbasar"ı tərk etmək haqda düşünmürəm. Hazırda qarşıma qoyduğum vəzifə komandamla birgə çempion olmaqdı.

- Bəs səncə, çempionluq yönündə favorit hansı komandadı?
- Qoy ən güclü komanda çempion olsun. Favoritim yoxdu, gələcəyi oxuya bilmirəm.

- Artıq bir ildən çoxdu Azərbaycandasan. Ölkəmiz haqda təəssüratlar necədi?
- Məncə, Azərbaycan çox gözəl, qonaqpərvər və mehriban ölkədi.

KƏNAN BAHADIR