''Qalatasaray'' Trabzona Osimhensiz yollandı - Nigeriya isə onu oynatmaq istəyir!

19.09.2026 11:23 117
Dünya futbolu
''Qalatasaray''ın tibbi personalının bütün cəhdlərinə baxmayaraq Viktor Osimheni Trabzon səfəri üçün oynayacaq duruma gətirmək mümkün olmadı. ''İstanbul BŞ'' ilə matçda qasıq nahiyəsindən zədə alan, son iki rəsmi oyunu buraxan nigeriyalı ulduzdan müjdəli xəbər gəlmədi. Baxmayaraq ki, o, son iki gündə fərdi məşq etmişdi. Tibbi personal Osimhenin oynamasının riskli olduğunu deyincə məşqçilər korpusu bu futbolçunu iştirak ərizəsinə daxil etmədilər. Beləliklə, son çempion mövsümün ən çətin səfərlərindən birində əsas qol silahı olmadan oynamalı olacaq. Osimhendən başqa zədəsi sağalmayan daha iki futbolçu Mario Lemina ilə Uilfrid Sinqo, eləcə də cümə günü ayağında ağrılar hiss edən Kaan Ayhan da Trabzona aparılmayıb. İstanbul nəhəngində hücumun mərkəzində Dəniz Gülün qərarlaşacağı gözlənilir. Hadisələrin bu cür axarından sonra ''Qalatasaray'' rəhbərliyinin hansı addımı atacağı maraq doğurur. Çünki Osimhen Nigeriya yığmasına dəvət alıb. Nigeriyalıları Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində sentyabrın 25-də Madaqaskar, sentyabrın 29-da Qvineya-Bisau ilə oyunlar gözləyir. Bir çox mənbələrin yazdığına görə Nigeriya Futbol Federasiyası ''Qalatasaray''ın Osimhenin yığmaya çağırılmaması ilə bağlı tələbini geri çevirib! Federasiya 27 yaşlı ulduzun bu oyunlarda iştirak etməsini istəyir. Nigeriyalılar Osimheni yalnız oktyabrın 6-da Rusiya ilə yoxlama oyununda oynatmayacaqlarına zəmanət verirlər. Halbuki ''Qalatasaray''ın tibbi personalının fikrincə, Osimhen hələ ən azı 2 həftə də rəsmi oyuna çıxmamalıdı. Tərəflər arasında bu problemin necə yoluna qoyulacağı maraq doğurur.