''Beşiktaş'' mövsümün əvvəlində uğurlu nəticələrlə fanatlarını sevindirməkdə davam edir.
İstanbul nəhəngi Avropa Liqasının liqa mərhələsinin 1-ci turunda doğma fanatları önündə ''Marsel'' ilə qarşılaşdı. İlk yarı İlhan Fakılı və Keylian Abdallahın qarşılıqlı qolları ilə 1:1 yekunlaşdı. Amma ''Qartal'' ikinci hissədə coşdu. Vatslav Çernı, Mikael Murilyo və Ernest Pokunun qolları ilə ''ağ-qaralar'' heç də zəif olmayan rəqibi 4:1 darmadağın etdilər. ''Marsel'' ardıcıl 4-cü rəsmi oyundan məğlubiyyətlə ayrıldısa, ''Beşiktaş'' Vinçentso İtalyanonun başçılığı altında 12-ci rəsmi oyunda 11-ci, avrokuboklarda 7-ci oyunda 6-cı qələbəsini qazandı.
''Ağ-qaralar''ın başında avrokuboklarda ilk 7 oyunda 6 qələbə qazanan sonuncu məşqçi 2010-da Bernd Şuster olmuşdu. İtalyano ilə bağlı daha bir diqqətçəkən fakt odu ki, bu məşqçi indiyə qədər AL-in qrup/liqa mərhələsində keçirdiyi 11 oyunun heç birində məğlubiyyət acısı yaşamayıb (6 qələbə, 5 heç-heçə). ''Beşiktaş'' bu mövsüm evdə rəqiblərinə göz açmağa imkan vermir. Komanda fanatları önündə keçirdiyi 7-ci rəsmi oyundan da qələbə ilə ayrıldı və bu matçlarda 19 qol vurub.
''Beşiktaş'' ''Marsel'' ilə şəxsi oyunlarda qələbə sayında önə keçdi (2:1), eləcə də Fransa təmsilçilərinə qarşı 12-ci oyunda 6-cı və ən böyükhesablı qələbəsini qazandı (2 heç-heçə, 4 məğlubiyyət).
''Beşiktaş'' AL-ə parlaq və tarixi qələbə ilə başladı
Dünya futbolu






