''Beşiktaş'' debütantı darmadağın etdi

12.09.2026 21:00 0
Dünya futbolu
Türkiyə çempionatında 5-ci turun açılış oyununda ''Beşiktaş'' ''Ərzurumspor''u qəbul etdi.

Duşan Vlahoviç cəzası üzündən oyunu buraxsa da, İstanbul nəhəngi debütantla qarşılaşmada problem yaşamadı. Əmirhan Topçu və Türkiyə karyerasında ilk dəfə fərqlənən Leandro Trossarın qolları ilə ''qartal'' fasiləyə qədər 2:0 önə keçdi. İkinci hissədə Yakup Kırtayın avtoqolu yekun nəticəni müəyyənləşdirdi. Bu mövsüm superliqada 5-ci turda 4-cü, eləcə də ardıcıl 3-cü qələbəsini qazanaraq xalını 12-yə yüksəldən ''Beşiktaş'' ən azı 1 günlük də olsa zirvəyə yerləşdi.

Bu, Vinçentso İtalyanonun məşqçi karyerasının yeni rekordudu. O, İtaliyada çalışdığı dönəmdə heç bir mövsümdə A seriyasına ilk 5 turda 4 qələbə ilə start verməmişdi.

''Beşiktaş'' həm də bu mövsüm evdə rəqib tanımır. Komanda İtalyano ilə indiyə qədər 6 rəsmi ev matçının hamısından qələbə ilə ayrılıb (top fərqi - 15:2). ''Beşiktaş''ı qarşıda Avropa Liqasında liqa mərhələsinin 1-ci turunda ''Marsel''ə qarşı ev oyunu gözləyir.