Azərbaycan futbol tarixində ilk! - federasiya fəaliyyətini dondurdu

17.09.2026 12:37 1 026
İdman / Manşet
Ölkə futzalında maliyyə problemləri dərinləşməkdə davam edir. Hazırda “Araz-Naxçıvan” da bu çatışmazlıq qarşısında aciz qalıb.

“Qırmızı-ağlar” çətinliklərdən çıxış yolu tapa biləcəkmi? Qarşıdan gələn Çempionlar Liqasına hazırlıq prosesi necə gedir? Maddi durumun yaxşılaşdırılması yönündə hansı addımlar atılır?

Bu suallarla “Araz-Naxçıvan”ın yeni prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Hazırda klubda çalışıram. Federasiya fəaliyyətini dondurub. Çempionat oyunlarının təşkili ilə bağlı departament yaradılıb. Əvvəl də dediyim kimi, komandaya daha çox yerli futzalçılar cəlb etməyə çalışırıq. İstəyirik ki, “Araz-Naxçıvan” həmişəki kimi millinin bazası olsun. Heyətdə 8 yerli, 2 legioner olacaq. Yanvara qədər belə davam edəcəyik. Maliyyə durumunun yaxşılaşdırılması yönündə çalışmalarımız davam edir. Sponsor tapmağa çalışırıq. Düzü, çətin məsələdi. Məlumdu ki, Çempionlar Liqasındakı rəqiblərimiz də güclü komandalardı. Rəqibləri təhlil edirik. Maliyyə durumları çox yaxşıdı. Ancaq belə məqamlar bizi çəkindirmir. Güman edirəm ki, futzalçılarımız özünü ən yaxşı tərəfdən göstərəcək. Çoxu karyerasında ilk dəfə belə turnirdə iştirak edəcək. Bu üzdən, düşünürəm ki, fürsəti maksimum dəyərləndirəcəklər”.

Xatırladaq ki, “Araz-Naxçıvan” ÇL-nin əsas mərhələsində “Pyast” (Polşa), “Buba Mara” (Bosniya və Hersoqovina) və “Uypeşt” (Macarıstan) ilə qarşılaşacaq. Matçlar oktyabrın 27-30-u aralığında Polşanın Qlivitse şəhərində keçiriləcək.

KƏNAN BAHADIR