''Qalatasaray'' 1-ci turda Lissabonda ''Sportinq''ə 1:3 uduzmaqla Çempionlar Liqasının liqa mərhələsinə məğlubiyyətlə başladı.
Viktor Osimhenin zədə üzündən oynamayacağı əvvəlcədən bəlli idisə, Okan Burukun müdafiədəki seçimi əsl sürpriz oldu. Əbdülkərim Bardakcını heç bir zədəsi olmadığı halda ehtiyatda saxlayan Buruk müdafiənin mərkəzində İsmail Yakobsu oynatdı. Halbuki Yakobs əslində sol müdafiəçidi. Onun mövqeyində isə Ərən Elmalı oynadı.
Düşünmək olardı ki, Buruk Əbdülkərimin performansından narazıdısa, müdafiənin mərkəzində yeni transfer Əl-Şaday Bitşiabuya şans vermək olar. 196 sm boya malik olan fransalı müdafiəçi transfer dönəminin sonuna yaxın ''Leyptsiq''dən icarəyə götürülüb. Amma Bitşiabunun oynamamasının və indiyə qədər də debüt etməməsinin səbəbi başqa imiş.
Türkiyə mətbuatının yazdığına inansaq, yeni transferin artıq çəkisi var. Onun artıq çəkidən qurtulması və formaya düşməsi müəyyən vaxt aparacaq. Komandanın tibbi personalı Bitşiabu üçün xüsusi məşq və pəhriz proqramı hazırlayıb. 21 yaşlı futbolçu hazırda bu proqram əsasında çalışır. Bu mövsüm cəmi 2 rəsmi oyunda ümumilikdə 41 dəqiqə oynayan digər müdafiəçi Uilfrid Sinqo isə adəti üzrə (!) zədəlidi. O yalnız yığma fasiləsindən sonra sıraya dönəcək.
İddialara inansaq, 30 milyon avroya alınan Sinqonun daim zədəli olması məşqçilər korpusunu boğaza yığıb. Qışda Sinqo, eləcə də komandaya bir faydası olmayan İlkay Gündoğan və Kaan Ayhan kimi isimlərlə yolların ayrılacağı istisna edilmir.
''Qalatasaray''ın yeni transferinin Lissabonda oynamamasının səbəbi bəlli oldu
Dünya futbolu





