“Günün 6 saatını dərsdə keçirib, ac-susuz, yorğun halda birbaşa məşqə gəlirlər” - Rəşad Sadiqov uduzdu və gileyləndi

28.10.2026 18:51 54
Ölkə futbolu / Manşet
Bu gün UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın U-19 komandası Zaqreb “Dinamo”sunu qəbul edib.

1:2 hesablı məğlubiyyətdən sonra “köhlən atlar”ın baş məşqçisi Rəşad Sadiqov brifinq keçirib.

- Doğrudan da, yaxşı və iddialı rəqib idi. "Dinamo" Avropanın ən yaxşı akademiyalarından birinə sahibdi. Buna baxmayaraq, düşünürəm ki, ötən illə müqayisədə bu mövsüm komandamız daha yaxşı mübarizə aparır və daha təcrübəli görünür. Mübarizə aparırıq, qol vururuq, sadəcə, bəzi boşluqlar verdik. Açıq danışsaq, matçın sonlarında hakimin ədalətsiz qərarına görə qol buraxdıq. Əvvəlcə qapıdan zərbə təyin edildi, sonra qərar dəyişdirilərək künc zərbəsi verildi və həmin künc zərbəsindən sonra qapımızda qol gördük. Ədalətsizlik olsa da, uşaqların, doğrudan da, yaxşı futbol oynadıqlarını deyə bilərəm.

- Son oyunda "Barselona" ilə heç-heçə edən komandaya qarşı oynadız və sona qədər müqavimət göstərdiz. Bugünkü oyun növbəti oyunlar üçün sizə əlavə motivasiya verəcəkmi?
- Bəli, ötən il qrup mərhələsində oynayarkən rəqiblərlə müqayisədə futbolçularımız yaşca daha kiçik idi. Rəqiblər 2006-07 təvəllüdlülərlə mübarizə apardığı halda, biz 2008, 2009 və 2010-cu il təvəllüdlü heyəti qarışdıraraq oynadırdıq. Bu təcrübə uşaqların “bişməsinə” çox kömək etdi. Nəticədə komandamız hazırda Gənclər Liqasında bu səviyyəli rəqibə qarşı cəsarətli futbol göstərir, çəkinmədən hücumlar təşkil edir. Qol imkanlarımız da oldu. Bu da göstərir ki, futbolçularda inkişaf var və istənilən rəqibə qarşı oynamaq gücünə sahibik. Nəticədən asılı olmayaraq, komandanın potesialı buna çatır.

- Komandanın ilk hissədə ikinci yarıya nisbətən daha yaxşı oynadığını deyə bilərik. Bunun ana səbəblərindən biri fiziki yorğunluq ola bilərmi?
- Bunun bir neçə səbəbi var. Ən başlıcası fiziki durumdu. 2-3 gün əvvəl ölkə çempionatında əsas rəqiblərimizdən olan "Sabah"la ağır oyun keçirmişdik. Həmin matçdan cəmi üç gün sonra eyni heyətlə belə qarşılaşmaya çıxmaq yorucudu. Uşaqlarda yorğunluq hiss olunurdu, zədələr, əzələ qıcolmaları başladı. Viktor Çidiokenin və kapitanımız Əli Qazıbəyovun əvəzlənməsi də bununla bağlı idi. Digər tərəfdən, futbolçuların dərs və universitet öhdəlikləri var. Günün 6 saatını dərsdə keçirib, ac-susuz, yorğun halda birbaşa məşqə gəlirlər. Heyətdə həm səhər, həm axşam oxuyanlar, eləcə də dublla məşq edənlər var. Bütün bu çətinliklərə baxmayaraq, uşaqları bir araya toplayıb, bu səviyyədə mübarizə aparmaq böyük nailiyyətdi. İlk hissədə fiziki gücümüz çatdığı üçün hücumda daha effektiydik, ikinci hissədə isə yorğunluq özünü göstərdi.

- Yorğunluğa səbəb olan amillərdən biri kimi ölkə çempionatındakı tempin avrokubok tempi ilə eyni olmadığını göstərmək olarmı?
- Əlbəttə, fərq böyükdü. Daxili çempionatda biz iki mövsümdü dominant futbol oynayırıq və hər bir rəqibə qarşı hücum edirik. Lakin burda tam fərqli mühit var. Qarşılıqlı hücumlar olur, rəqib də hər zonada presinq tətbiq edir. "Barselona" ilə heç-heçə etmiş, Zaqrebdə keçirilən turnirdə "Real" və "Mançester Siti" kimi nəhəngləri üstələyərək çempion olmuş bir komandaya qarşı bu cür futbol sərgiləmək bizim üçün böyük təcrübədi.

- Bilal iki qol buraxsa da, dəfələrlə komandanı çətin vəziyyətdən xilas etdi, hətta penaltini də dəf etdi. Onun çıxışını necə dəyərləndirirsiz?
- Qapıçı kimi yaxşı təsir bağışladı. Heyətdəki futbolçuların çoxundan yaşca kiçikdi, 2010-cu il təvəllüdlüdü. Bu gün meydanda 2010-cu il təvəllüdlü üç futbolçumuz var idi: Bilal, Bəşirov və Uğur. Hər biri yaxşı performans göstərdi, Bilal da daxil olmaqla.

- Cavab oyunu üçün gözləntiləriniz nədi?
- İki gündən sonra çempionat oyunumuz var və həmin matçın təxirə salınması üçün müraciət edəcəyik. Çünki 2 gün sonra oynayıb, dərhal səfərə çıxmaq uşaqları həddən artıq yoracaq və zədələnmə riskini artıracaq. Uşaqların çoxu U-17, U-19 və U-20 millilərinin üzvləridi. Çempionat oyununun təxirə salınmasını xahiş edəcəyik ki, cavab matçına daha yaxşı hazırlaşa bilək.

İSRAYIL XEYRULLAYEV