Türkiyə bu il uzun fasilədən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində iki komanda ilə təmsil olunacaq.
Son illərdə ÇL-də görməyə alışdığımız ''Qalatasaray''a bu dəfə təsnifat mərhələsini uğurla adlayan ''Fənərbaxça'' da qoşulub. Bu arada hər iki İstanbul nəhənginin ÇL üçün UEFA-ya göndərdiyi iştirak ərizəsi bəlli olub.
Həm ''Qalatasaray'', həm də ''Fənər'' yeni transferlərin hamısını iştirak ərizəsinə salıb. ''Cim-Bom''da təcrübəlilərdən yalnız Kaan Ayhan kənarda qalıb. Eləcə də Arda Ünyay, Kazımcan Karataş, Eyüp Aydın və Can Armando Günər kimi gənclər iştirak ərizəsinə düşməyiblər. Onların zatən superliqada da oynamaq şansları azdı. ''Fənərbaxça''da isə bu günlərdə əməliyyat olunan Ceyden Oostervolde ilə uzun müddətdi fərqli səbəblər üzündən yaşıl meydanlara həsrət qalan Mərt Hakan Yandaşın adı iştirak ərizəsinə salınmayıb. Ayrılması gündəmdə olan Çağlar Söyüncü ilə Rodriqo Bekaoya da təbii ki, orda yer tapılmayıb.
İştirak ərizəsinə salınanlar arasında Oqnen Mimoviçin olması diqqət çəkib. Ötən mövsümü icarədə keçirən bu cinah müdafiəçisi cari mövsümdə heç bir rəsmi oyunda iştirak etməyib.
Xatırladaq ki, ''Qalatasaray'' liqa mərhələsinə sentyabrın 9-da səfərdə ''Sportinq''ə qarşı, ''Fənər'' isə sentyabrın 10-da evdə ''Roma''ya qarşı oyunla start verəcək.
İstanbul nəhənglərinin ÇL üçün iştirak ərizələri bəlli oldu
Dünya futbolu






