“Qarabağ”ın şanlı tarixindən danışanlar fəal hərbi əməliyyatlar zamanı “İmarət”in tez-tez atəşə tutulmasından, hətta “Qrad” raketlərinin qazonda oyuqlar açmasından danışırlar. Ermənilərlə çoxdan sülh şəraitində yaşasaq da, indi də Sumqayıtda - əfsanəvi Mehdi Hüseynzadənin adını daşıyan stadionda eyni problem yaşanır. Nə işdisə, şəhərin adını daşıyan komanda bu mövsüm hələ də doğma stadionda oynamayıb.
İndiki zəmanədə müstəqil dövlətin ərazisinə raket zərbəsi endirmək asan iş deyil. Yadızdadısa, bu ilin martında İran ərazisindən Naxçıvan Hava Limanına atılan raketlər böyük beynəlxalq qalmaqal doğurmuş, dövlətlərarası gərginlik yaratmışdı. Şəxsən mən indi İrandan daha çox Belarusdan şübhələnirəm. Axı bu stadionun qazonunda sonuncu dəfə məhz BATE oynayıb. Özü də iyulun 23-də. Belaruslular həmin vaxt qazona nə ediblərsə, ondan sonra burda oyun keçirmək mümkün olmayıb. Bu ölkənin əbədiyaşar prezidenti Aleksandr Lukaşenko Azərbaycana dost münasibəti bəsləyən adamlardandı. Ona görə də “Qrad”-mrad variantını istisna edirəm. Sadəcə, ola bilər ki, Lukaşenko cənabları Sumqayıta gələn BATE nümayəndələrinə burda kartof əkməyin nə dərəcədə məqsədəuyğun olduğunu, aqrotexniki qulluq tədbirlərinin neçəyə başa gələcəyini öyrənməyi tapşırıb. Axı Aleksandr Qriqoryeviç kartofa xüsusi sevgisi ilə tanınır. O qardaşlar da qaş düzəltdikləri yerdə vurub gözü də çıxarıblar. Kartofun yuvasını necə dərin qazıblarsa, azərbaycanlı mütəxəssislər indiyə qədər də qazonu qaydaya sala bilmir.
HUŞƏNG
P.S. “Sumqayıt” və PFL hər həftə təftiş-məftiş məsələləri ilə məşğul olmaq əvəzinə iyulda bura gələn BATE rəsmiləri ilə əlaqə qursaydılar, daha yaxşı olardı!
Lukaşenko Sumqayıt stadionunda kartof əkdirib? - yarızarafat, yarıgerçək
Manşet / Yazarlar





