''Fənərbaxça''lı Ceyden Oostervoldenin ''Roma''ya transferində problem yarandığını xəbər vermişdik. Niderlandlı müdafiəçi tibbi müayinədən keçmək üçün həftənin əvvəlində İtaliyaya yollanmışdı. Amma onun müayinəsinin nəticələri ''Roma''nı qane etmədiyindən 25 yaşlı futbolçu ikinci dəfə müayinədən keçirilmişdi.
Müayinə zamanı məlum olub ki, futbolçunun indiki zədəsi gözləniləndən çox ciddi imiş. O, avqustun 5-də ''Şturm'' ilə ev oyununda zədə alaraq ilk yarıda əvəzlənmişdi. Həmin vaxt Türkiyə mətbuatında futbolçunun maksimum 3-4 həftəliyə sıradan çıxdığı bildirilmişdi. Amma sən demə Oostervolde yalnız dekabrda, hətta yanvarda sıraya dönəcək.
Əvvəlcə qeyd olundu ki, ''Roma'' hadisələrin bu cür axarına baxmayaraq futbolçunun transferindən vaz keçmək istəmir. ''Canavarlar'' Oostervoldeni pulsuz birillik icarəyə götürməyi təklif ediblər. Eləcə də məcburi transfer maddəsinin qüvvəyə minməsi üçün tələb olunan oyun sayında da dəyişiklik edilməsini istəyiblər. Ancaq görünür, İstanbul nəhəngi bu şərtlərə razılıq verməyib.
Danışıqların tamamilə dayandırıldığı, transferin ləğv olunduğu və Oostervoldenin Türkiyəyə dönəcəyi haqda xəbərlər gəldi.
Oostervoldenin ''Roma''ya transferi baş tutmadı! - O, Türkiyəyə geri dönür
Dünya futbolu






