''Fənərbaxça''nın Ceyden Oostervoldenin transferi ilə bağlı ''Roma''yla anlaşdığını və niderlandlı müdafiəçinin İtaliyaya yollandığını xəbər vermişdik.
İtalyanlar müqaviləyə məcburi transfer maddəsi salmaqla yanaşı Oostervoldeni birillik icarəyə götürmək istəyirdilər. ''Roma'' bu yay 1 milyon avro, gələn yay 15 milyon avro ödəyərək keçidi tamamlamağı düşünürdü. Amma 25 yaşlı futbolçunun ilkin tibbi müayinəsinin cavabı ''Roma'' rəhbərliyini qane etməyib. Bu üzdən ''canavarlar'' onu ikinci dəfə - daha ətraflı şəkildə tibbi müayinədən keçirmək qərarına gəliblər. Hazırda zədəli olan Oostervoldenin keçmişdə yaşadığı zədələr ''Roma''nı bir qədər çəkindirir.
Bu futbolçu 2024/25-də dizindən zədə alaraq 7 aylığa sıradan çıxmışdı. Hadisələrin bu cür axarından sonra ''Roma''nın transferin şərtlərini dəyişdirəcəyi ilə bağlı iddialar ortaya atılıb. Paytaxt təmsilçisi artıq müqaviləyə məcburi transfer maddəsini saldırmaq istəmir. ''Roma'' sadəcə adi şəkildə Oostervoldeni daimi əsasda almaq hüququnu ələ keçirmək istəyir. ''Fənərbaxça''nın italyanların bu təklifinə necə cavab verəcəyi maraq doğurur. Bu məsələdə çox şey Oostervoldenin ikinci tibbi müayinəsinin nəticələrindən asılı olacaq.
''Fənər''in üzvü İtaliyada tibbi müayinədən keçə bilmədi! - Transfer şərtləri dəyişə bilər
Dünya futbolu






