Acun ''Fənər''ə qol vuran futbolçunu ''Hall Siti''yə transfer etmək istəyir

29.08.2026 19:50 10
Dünya futbolu
Acun Ilıcalının sahibi olduğu premyer-liqa təmsilçisi ''Hall Siti'' ilə bağlı diqqətçəkən bir transfer iddiası gündəmdədi.

Yağız Sabuncuoğlunun məlumatına görə ''Hall Siti'' ''Lion''un belçikalı vingeri Malik Fofanaya ciddi maraq göstərir. İngilislərin hansı təklifi irəli sürdüyü barədə məlumat yoxdu. Amma mənbənin yazdığına inansaq, fransızlar 35 milyon avro tələb edir.

21 yaşlı Fofananın adı daha öncə ''Roma'', ''Bavariya'', ''Leyptsiq'' kimi klublarla və İstanbul nəhəngləri ilə yanaşı hallanmışdı. ''Lion''un yüksək məbləğ tələb etməsi üzündən bu futbolçu ilə bağlı danışıqlar hər dəfə nəticəsiz qalırdı. Amma bu dəfə fransızlar özləri də bu istedadlı oyunçunu satmaqda maraqlıdı. Çünki maddi durumu yaxşı olmayan klub üstəlik Çempionlar Liqasına da düşə bilmədi.

Şayiələrə inansaq, ''Fənər'' rəsmiləri ''Lion'' ilə dueldən öncə Fofananın qiyməti ilə maraqlanmışdılar. ''Lion'' istanbullulardan 40 milyon avro tələb etmişdi. Fofana bilindiyi kimi ''Fənər''lə cavab oyununda komandasının yeganə qolunun müəllifi oldu. Amma bu qol ''Lion''u məğlubiyyətdən xilas etmədi.

''Gent''in yetirməsi olan və 2024-dən ''Lion''un şərəfini qoruyan Fofana həm də Belçika yığmasının üzvüdü. Ötən mövsüm zədə üzündən uzun müddət oynaya bilməyən gənc ulduz Liqa-1-də yalnız 9 oyuna çıxaraq aktivinə 2 qol, 1 məhsuldar ötürmə yaza bildi. ''Transfermarkt''da onun dəyəri 30 milyon avro göstərilib.