''Fənərbaxça''nın Anderson Talişka ilə vidalaşmağa hazırlaşması barədə hələ ötən həftədən yayılan sürpriz iddialar heç də boşuna deyilmiş.
Belə görünür, braziliyalı ulduz həqiqətən də qısa müddətdə İstanbul nəhəngini tərk edəcək. Özü də öz istəyi ilə yox. Çünki Talişka ''instaqram''ının hekayə bölümündə öz şəklini paylaşaraq ora ''insanlar istifadə edildikdən sonra kənara atıla biləcək varlıqlar deyil'' ifadəsini yazıb. Bu da onu göstərir ki, ''Fənər'' 32 yaşlı futbolçunun razılığı olmasa belə onu başqa kluba satıb!
Türkiyə mətbuatının yazdığına inansaq, söhbət BƏƏ təmsilçisi ''Əl-Cəzirə''dən gedir. Ötən həftə məhz bu klubun ''sarı-lacivərdlilər''lə danışıqlar apardığı iddia edilmişdi. Bu iddianın ardından Talişkanın superliqada ''Konyaspor''la matçın iştirak ərizəsinə düşməməsi şübhələri bir qədər də artırmışdı. Düzdü, baş məşqçi İsmayıl Kartal bunu ''Lion''la vacib oyunöncəsi rotasiya ilə əlaqələndirmiş və tanınmış futbolçu həqiqətən də Fransada ilk dəqiqələrdən meydana çıxmışdı. Amma çox güman, həmin oyun Talişkanın ''Fənər''dəki son oyunu kimi yaddaşlarda qalacaq.
Transferin maddi detalları barədə heç bir məlumat yoxdu. Amma iddialara inansaq, ''Əl-Cəzirə'' ''Fənər''ə heç bir məbləğ ödəməyəcək. Baxmayaraq ki, Talişkanın istanbullularla 2028-ə qədər müqaviləsi var idi. Sadəcə ''Əl-Cəzirə'' Talişkaya onun Türkiyədə qazandığı illik maaşı - 5 milyon avronu ödəməyə razılıq verib.
Beləliklə, daha öncə ''Beşiktaş''ın şərəfini qorumuş ''sambaçı''nın ikinci Türkiyə macərası da başa çatmaq üzrədi. 2025-in yanvarında ''Fənərbaxça''ya gələn bu futbolçu bu klubda 76 rəsmi oyunda aktivinə 44 qol, 7 məhsuldar ötürmə yazdı.
Talişka istəmədən də olsa, ''Fənərbaxça''dan ayrılır!
Dünya futbolu






