“Şəfa” “Şamaxı” ilə oyunun gedişində 2:0 hesabıyla önə keçəndə çoxları meydan sahibləri üçün bu oyunda hər şeyin bitdiyini düşünürdü.
Premyer-liqanın debütantı bu mövsüm keçirdiyi yeddi oyunda bir qələbə qazanmışdı. Həmin qələbə də səfərdə “Qəbələ” üzərində qazanılmışdı. Elə bu qələbə də həmin vaxt sürpriz sayılırdı. Çünki meydan sahibi “Qəbələ” həmin qarşılaşmanın favoridi idi, qələbəyə daha yaxın tərəf məhz “qırmızı-qaralar” sayılırdı. Bu qələbəni xatırlayanda “Şəfa”nın hesabına növbəti 3 xalı yazacağına, səfərdən qələbə ilə dönəcəyinə inanmaq mümkün idi. Sən demə, meydanın kənarında dayanan, komandasına böyük enerji ilə göstərişlər verən Azər Bağırov bununla razı deyilmiş. Onun komandası son yarımsaatda hadisələrin axarını dəyişməyi bacardı. “Şamaxı” məhz 65-ci dəqiqədən sonra vurduğu qollarla 3:2 hesabıyla qələbə qazandı.
“Şamaxı”nın nəticələrinə baxanda diqqəti çəkən bir çox məqam var. 13 xala malik əyalət təmsilçisi artıq möhkəm ortabab imicini təsdiqləyib, yuxarı pillələrdəki mübarizyə müdaxilə etməyin planlarını qurur. İndiki məqamda bu istək heç də utopiyaya bənzəmir. Çünki “Şamaxı”nın oyununda bir özünəinam və sabitlik var. Məhz bu amillər “Şamaxı”nın uğurunda hansısa gizli sirrin olmamasından və mövsümün qalan hissəsindəki nəticələrin də indikindən çox da fərqlənməyəcəyindən xəbər verir.
“Şamaxı”nın “Şəfa” ilə oyunda sərgilədiyi əzmkarlıqdan savayı öyünəcəyi daha bir məqam var. Bu da komandanın “Kəpəz”i Gəncədə 4:1 hesabıyla məğlub etməsidi. Razılaşaq ki, “Kəpəz”i yeni stadionunda, minlərlə azarkeşin gözü qarşısında belə hesabla məğlub etmək heç də hər komandaya nəsib olmur. Bunu bacaran “Şamaxı” həmin nəticə ilə öyünə bilər.
“Şamaxı”nın nəticələrindən danışarkən daha bir məqam var ki, onu da mütləq vurğulamalıyıq. Azər Bağırovun çalışdırdığı komanda ilk 8 turda cəmi bir dəfə məğlub olub. Həmin məğlubiyyət də ilk turda - “Qarabağ”la oyunda qeydə alınıb. Deməli, bu məğlubiyyətə görə komandanın çox da asıb-kəsmək olmaz. O ərəfələrdə “Qarabağ” avrokuboklarda mübarizəyə davam edirdi və komandanın hazırlıq qrafiki də buna uyğunlaşdırılmışdı. “Köhlən atlar” birinci tura “Şamaxı”ya nisbətən daha hazırlıqlı idi. Rəqiblər arasındakı səviyyə fərqini də nəzərə alanda bu nəticəni də normal saymaq olar. Bu məğlubiyyətdən sonra çıxdığı yeddi oyunun heç birində “Şamaxı” məğlubiyyət üzü görməyib. Qazanılan üç qələbənin üzərinə dörd oyundakı heç-heçə də gəlib.
Beləliklə, “şirlər” hesabına 13 xal yazmağı bacarıb. Az əvvəl qeyd etdiyim kimi, komandadakı sabitlik və özünəinam bu xal ethiyatının artacağını düşünməyə ciddi əsaslar verir.
Sözsüz, bu uğurun arxasında Azər Bağırovun məşqçi bacarığı dayanır. İndiyəqədərki fəaliyyəti dövründə də gənc çalışdırıcı öz məharətini göstərmişdi. “Kəpəz”i iki dəfə böhrandan xilas edib, elitadakı yerini qorumağı bacarmış Bağırovun “Araz Naxçıvan”dakı işini də müsbət qiymətləndirmək olar. Amma nə “Kəpəz”də, nə də “Araz Naxçıvan”da onun baş-qulağı dinc olmayıb, daim qalmaqallar, söz-söhbətlər eşidilib. Bu da çalışdırıcının konsentrasiyasını mənfi təsir göstərib.
Görünən odu ki, “Şamaxı”dakı mühit başqadı. Arzuladığı ab-havanı yaxalan Azər Bağırov bunu da qazandığı uğurlu nəticələrdə göstərir. Bu həm də onun üçün bir fürsətdi, özünü göstərmək fürsəti.
Həmişə ona verilən şansları dəyərlənirən, özünə müsbət imic toplayan gənc çalışdırıcı “Şamaxı”dakı işini daha yaxşı nəticələrlə zənginləşdirə bilsə, gələcəkdə daha iddialı klublara da baş məşqçi kimi təyinat ala bilər. Onun yaşı da buna imkan verir.
Ümid edirəm ki, Bağırov da bunun fərqindədi. “Şamaxı”dakı şansı gələcək üçün daha yaxşı fürsətə - trampilinə çevirmək onun üçün vacibdi. Bunun üçün məsuliyyətli davranmalı, öz işinə konsentrasiyasını da artırmalıdı. Mən bu bacarığı ondan görürəm.
AMAL
Azər Bağırovun dəyərləndirdiyi şans - KÖŞƏ
Yazarlar / Manşet





