''Fənərbaxça''nın liderlərindən və əsas qol silahlarından biri olan braziliyalı Anderson Talişka ilə bağlı sürpriz ayrılıq iddiası ortaya atılıb.
"Football-plus.az" xəbər verir ki, Braziliya mətbuatı BƏƏ təmsilçisi ''Əl-Cəzirə''nin bu futbolçuya ciddi maraq göstərdiyini, hətta tərəflər arasında artıq ilkin anlaşma əldə olunduğunu yazıb.
Düzdü, ''Fənər''də legionerlərin sayı çoxdu və bir-birinin ardınca onların bəziləri ilə yollar ayrılıb. Ancaq Talişkanın ayrılması yayın əsas sürprizi olar. Çünki o, hər oyunda start heyətində meydana çıxır və kifayət qədər məhsuldar oyun sərgiləyir. Təcrübəli futbolçu yeni mövsümdə çıxdığı ilk 5 rəsmi matçın hamısında qol vurmağı bacardı. Onun bu seriyası 6-cı oyunda - ''Lion''la qarşılaşmada qırıldı.
Ümumilikdə Talişka indiyə qədər ''sarı-lacivərdlilər''in heyətində 75 rəsmi oyunda aktivinə 44 qol, 7 məhsuldar ötürmə yazıb. 32 yaşlı futbolçu daha öncə Səudiyyə Ərəbistanında top qovub.
Hələlik bu sürpriz xəbərlə bağlı Talişkanın özündən və ''Fənər''dən heç bir rəsmi açıqlama gəlməyib.
Talişka da ayrılır?
Dünya futbolu






