Asiyada yaxın gələcəkdə milli komandalar arasında yeni turnirin təşkili planlaşdırılır. Bu haqda ESPN məlumat yayıb.
Asiya Futbol Konfederasiyası (AFK) 2030-cu ildən Millətlər Liqasının təşkilini nəzərdən keçirir. Yeni turnir dünya çempionatı və Asiya Kubokunun seçmə mərhələlərində genişmiqyaslı islahatların bir hissəsi olacaq. Yarışın Avropa, Afrika və Şimali və Mərkəzi Amerika regionlarında tətbiq edilən modelə uyğun təşkili planlaşdırılır.
Millətlər Liqasının iki ildən bir keçirilməsi nəzərdə tutulur. İştirakçılar 3 diviziona bölünəcəklər. İlk iki divizionda 18, üçüncüdə isə 11 yığma yarışacaq. Avropadakı turnirdə olduğu kimi, komandalar arasında yüksək diviziona vəsiqə və aşağı liqaya düşmə sistemi tətbiq ediləcək.
Dünya çempionatının seçmə mərhələsi ilə əlaqəli dövrlərdə yüksək divizionun ən yaxşı 6 komandası mundiala birbaşa vəsiqə qazanacaq. 7-10-cu yerləri tutan yığmalar isə Asiya üçün nəzərdə tutulan əlavə iki vəsiqə uğrunda mübarizə aparacaqlar. Bundan başqa, seçmə turnirin sonuncu mərhələsində 3-cü yeri tutan komandanın digər konfederasiyaların iştirakı ilə keçirilən pley-off mərhələsinə qatılması planlaşdırılır.
2030-cu ildən Asiya Kubokunun seçmə mərhələsinin də Millətlər Liqası vasitəsilə keçirilməsi nəzərdə tutulur. AFK rəhbərliyi bununla qitənin iki əsas turniri üzrə seçmə yarışlarını vahid sistemdə birləşdirməyi hədəfləyir.
Asiyada yeni turnir təşkil ediləcək
Dünya futbolu





