Yayboyu İstanbul nəhənginin gündəmində yer alan, bir ara transferi tamamilə düyünə düşən portuqaliyalı ulduzun keçidi nəhayət, bitmək üzrədi.
''Qalatasaray''la ''Milan'' arasında 45 milyon avro qarşılığında anlaşma əldə olundu. Müqavilədə bonuslar da var. 27 yaşlı futbolçu Türkiyə çempionu ilə dördillik müqavilə imzalayacaq və bonuslardan əlavə illik 12 milyon avro maaş qazanacaq.
İddialara inansaq, ''Aston Villa'' ilə ''Qalatasaray'' arasında seçim etməkdə çətinlik çəkən Leao Viktor Osimhenin zəngindən sonra yekun qərarını verdi. Nigeriyalı ulduz özü şəxsən Leaoya zəng vuraraq ona klub haqda ətraflı məlumat verdi və Türkiyəyə dəvət etdi. Portuqaliya yığmasının üzvü razılığını verən kimi cümə günü ''Qalatasaray''ın rəsmisi Abdulla Kavukçu İtaliyaya yollanaraq transferi başa çatdırdı.
Leao bu gün Bakı vaxtı ilə saat 17.00-da xüsusi təyyarə ilə İstanbula gəldi. Onun ''Göztəpə''yə qarşı oyunu tribunadan izləyəcəyi gözlənilir. Rafael Leao artıq ''Milan'' üçün vida paylaşımı edərək bunları yazıb:
''Mənim üçün yeni bir səhifə açılır. Amma ''Milan''a olan sevgim bitməyəcək. Bu gün komanda ilə birlikdə olub meydanda vidalaşmaq istərdim. ''Milan''ı hər zaman uzaqdan təqib edəcəm. Çətin bir andı. Çünki 7 ildən sonra komanda yoldaşlarımla vidalaşdım. Onlar mənim inkişafıma və ''Milan''ı təmsil etməyin həqiqətən hansı məna kəsb etməsini anlamağıma yardım etdilər. Burda nələrə nail olduğumu nəzərə alsaq, hər zaman bu klubun bir parçası olacam. Həyat məhz bu cürdü. Bəzən elə bir an gəlir ki, qərar verməli olursan''.






