"Dünyanın ən xoşbəxt baş məşqçisiyəm" - Valdas Dambrauskas

26.08.2026 01:00 5
Avrokuboklar / Manşet
"Sabah" Çempionlar Liqasının pley-off matçında "Hapoel"i (Beer-Şeva) klubunu ümumi hesabda məğlub edərək (6:4) liqa mərhələsinə vəsiqə qazandı.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

- Mən nə deyə bilərəm? Hər şey aydındı. Gözəl gecədi, gözəl atmosferdi. Stadiona gələn azarkeşlərin hamısını bir-bir qucaqlamaq istəyirəm. Şəxsən onlara təşəkkür edirəm ki, gəliblər. Onların enerjisi bu atmosferi yaratdı. Futbolçularım möhtəşəm oynadılar. Onlar buna inandılar, hər gün inanırdılar ki, bu işi görəcəklər. Karyeramda işlədiyim ən yaxşı komandadı. Onlar bunu bir daha sübut etdilər. Çox çətin məqamda işin öhdəsindən gəldilər. Bəlkə son anda bəziləriniz ümidləri itdi. Amma onlar sona qədər mübarizə aparıb, inandılar. Görək də, gələcəkdə nə baş verəcək. Dünyanın ən yaxşı turnirinin liqa mərhələsindəyik, ən yaxşı komandalara qarşı oynayacağıq. Qürur duyuruq. Dünyanın ən xoşbəxt baş məşqçisiyəm.

- "Sabah" bu heyətlə Çempionlar Liqasına hazırdı? Yoxsa transferlər olacaq?
- 17 xarici oyunçunu sifariş etmişik. Hansını çıxara bilərəm? 17 oyunçum var idi. Sizə görə biz transfer etməliyiksə, indi komandada olanlar ÇL-ni buraxmalıdı. Sizcə, bu oyunçulardan biri ÇL-nin liqa mərhələsindən xaric edilməyə layiqdi? Biz bir səbəb üçün burdayıq. Biz ÇL-ə vəsiqə qazanmışıq. Müxtəlif ölkələrin komandaları ilə oynamışıq. "Hapoel" qalib gəlsəydi, bu sualı bəlkə verməyəcəkdiz. Çünki onlar güclüdü. Biz o cür komandanı ÇL-dən kənarlaşdırdıq. Statistikaya baxsaz, onlar Avropanın ən yaxşı təzyiq göstərən komandasıdı. Buraxdığımız qollar da bunun nəticəsi idi. Fikirləşdim ki, oyunçularım bu işin öhdəsindən gələcəklər. Ona görə hamısı liqa mərhələsində oynamağa layiqdi.

- ÇL-də xüsusi qarşılaşmaq istədiyiniz rəqib var?
- Arzularım işə yaramır. Hansı komanda gəlirsə-gəlsin ona qarşı oynayacağıq. Böyük stadionlarda, böyük komandalara qarşı oynayacağıq. İstəyimiz elə də əhəmiyyət kəsb etmir. Gəlin görək nə baş verəcək. Sevinirik, püşk hər şeyi göstərəcək.

- Tellur "Sabah" ilk dəfə kubok qazananda son dəqiqələrdə qələbə qolunu vurmuşdu. Bu gün isə ümid qoluna imza atdı. Onun haqqında fikirləriniz necədi?
- - Tellur gözəl xatirələrlə yadda qalacaq. Ona güvənirik. Gələcəkdə övladlarına, nəvələrinə deyəcək ki, vacib qollar vurmuşam. Tellur və digər oyunçular meydanda bütün güclərini qoyur, bir-birilərinə hörmət edirlər. Mütəllimov gözəl xarakterə sahibdi. Nə zaman ehtiyac olsa, hazırdı. Onunla qürur duyuram.

- Aleksey İsayev yarımmüdafiə xəttinin lideridi. O, meydana daxil olduqdan sonra komandanız daha çox hücumlar etdi. Siz Alekseyi ehtiyatda saxlamaqla, rəqib baş məşqçiyə sürpriz etdiz?
- Biz buna cəhd göstərdik. Sürpriz etməyə çalışdıq. Niyə? Çünki biz evdə qalib gələndə, müəyyən üstünlüklərimiz olur. Qalib gələn komandalar çox vaxt oyun üslubunu dəyişmirlər. “Hapoel” bizimlə evdəki kimi oynadı. Buxarestdəki matç bitən kimi dedim ki, səhv etmədən müəyyən sürprizlər etməliyik. Ona görə bu gün bəzi dəyişikliklər etdik. Rəqib də müəyyən mənada çaşdı. Rəqib önə keçəndə hesabı qorumağa çalışdı. Düşündük ki, bunu lehimizə çevirə bilərik. Bütün dəyişikliklər əvvəldən düşünülmüşdü. "Hapoel"in də bir az bəxti gətirdi. İki dəfə topumuz dirəkdən qayıtdı, amma həvəsdən düşmədik. Tellurun qolu bunların əvəzini çıxdı.

- Son saniyələrdə siz özünüz nə düşünürdüz?
- Heç vaxt "heç vaxt" deməyin. Ümidimi heç vaxt itirmirəm. Futbolçularımdan da soruşa bilərsiz. Hesabı bərabərləşdirəndə də, əvəzetmə edəndə də inanırdım ki, qarşıda iki dəqiqəmiz var və qol vura bilərik. Son dəqiqələrdə də bu fikirdə idim. İnam çox vacibdi. Bəzən bəxt gətirir, bəzən gətirmir. Bizim üçün bu gün hər şey yaxşı oldu.

- Sanki transfer sualına əsəbiləşdiz... Transferə ehtiyac olmadığını dediz..
- Çox sərt demədim (gülür). Sadəcə, izah edirdim, hirsli deyiləm, yaxşı sual idi, burda sərtliyə ehtiyac yoxdu. Transfer-transfer deyirsiz, amma bizim də müəyyən limitlərimiz var. Limitsiz şəkildə transfer edə bilmərik, legioner-yerli məsələsi var, ÇL-nin reqlamenti var. Oyunçularımız var.

- Bəs, üç cəbhədə mübarizə aparacaqsız. Transferlərə ehtiyac var?
- Görəcəyik, bəlkə hə, bəlkə yox. Doğrudu, qarşıda çətin qrafik var. Transferə "yox" demərəm.

- Çoxlu qollar vursaz da, bir çox imkanı da əldən verirdiz. Narahatedici məqamdı?
- Kədərliyəm, yoxsa sevincli? Bu gün ən xoşbəxt məşqçiyəm. Nə səhv olursa, olsun, gözəl nəticə əldə etmişik. Başa düşün, Azərbaycan tarixində Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci komandayıq. İndi səhvlər bizi qayğılandırmır. Başa düşürəm, səhvlər var, işləməliyik və təhlillər aparacağıq. Bu gün ancaq qələbədən zövq almalıyıq. Bu gün səhvləri kənara qoyaq.

- "Orhus"la matçdan sonra demişdiz ki, qələbəni xüsusi qeyd etmirəm. Bəs bu gün necə?
- Bəli, mütləq edəcəm. Alkoqola heç vaxt toxunmamışam. Bu gün qələbəni xüsusi qeyd edəcəyimə əminəm.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul