Bu həftə avrokuboklarda pley-off mərhələsinin cavab oyunları keçiriləcək. “Sabah” Çempionlar, “Qarabağ” Konfrans Liqasında meydana çıxacaq və liqa mərhələsinə vəsiqə qazanmaq üçün tər tökəcək. İlk matçda Beer-Şeva “Hapoel”inə uduzan Masazır təmsilçisi evdə azı minimalhesablı qələbə qazanmağa məcburdu ki, ən pis halda bəxtini penalti seriyasında sınaya bilsin. “Tvente”nin meydanından qələbə ilə qayıdan ağdamlılar üçün isə uduzmamaq kifayətdi. O başqa məsələ ki, milyonlarla azərbaycanlı bu komandalardan parlaq qələbələr gözləyir. Əvvəlcədən bildirək ki, hər iki qarşılaşma Azərbaycan futbolunun məbədində - “Tofiq Bəhramov”da keçiriləcək. “Bayquşlar”ın matçı “CBC Sport”un, “köhlən atlar”ın görüşü İctimai Televiziyasının efirində canlı yayınlanacaq.
Çempionlar Liqası
pley-off, cavab oyunu
Sabah – Hapoel (Beer-Şeva, İsrail) 1:1
Kristian Nvaçukvu, 38 - İqor Zlatanoviç, 10
Hakimlər: İŞTVAN KOVAÇ, Mihay Marika, Ferens Tunyoqi, Şabolç Kovaç (hamısı Rumıniya).
25 avqust. Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.45.
İlk oyun – 1:2.
Təəssüf ki, Buxarestdə keçirilən ilk oyun təkcə məğlubiyyətlə yox, həm də “Sabah”ın rəqibindən bir çox əsas göstəricidə geridə qalması ilə tarixə düşdü. Kəsəsi, bu gün “Orhus”la cavab oyunundan əvvəl olduğu qədər arxayın deyilik. Ona görə ki, Danimarka çempionunun da meydanında uduzan “bayquşlar” həlledici qarşılaşma üçün ümid vermiş, mərhələ adlayacağı haqda fikir formalaşdırmışdı. İndi nikbin ola bilmirik, Beer-Şeva təmsilçisinin liqa mərhələsinə vəsiqə qazanmaq şansının daha çox olduğunu düşünürük...
Valdas Dambrauskasın və komandasının mövsümün indiyəqədərki ən çətin sınağıyla üz-üzə olduğuna şübhə yoxdu. Qarşıda “bayquşlar”ı qarış-qarış təhlil edən və planlarını həyata keçirməkdə ciddi çətinliklə üzləşməyən “Hapoel” var. Sanki rəqib Masazır təmsilçisinin zəif yerini tapıb və bundan maksimum yararlanmaqda israrlıdı. Lakin indi təslim olmaq vaxtı deyil! Azı ona görə ki, “Sabah” debütant olmasına baxmayaraq, liqa mərhələsinə vəsiqə qazanmaq şansına sahibdi. Komanda tribunalarda yer alacaq onminlərlə azarkeşdən güc alacaq. Heyətdə nə zədəli, nə də cəzalı var. Deməli, Dambrauskas ilk matçda ümidləri doğrultmayan futbolçuları ya start heyətində meydana buraxmaya, ya da tənbeh edə bilər. Axı komandanın daha yaxşı performans sərgiləməsi təmin olunmalıdı.
İş ondadı ki, “Hapoel”in durumu da fərqli deyil. Daha doğrusu, ilk matçda hesabda gerə düşsə də, ardıcıl qollar vuran “dəvələr” Bakıya istər fiziki, istərsə də psixoloji baxımdan yaxşı durumda gəlib. Bəli, qonaqlar üçün heç-heçə də sərfəli nəticədi. Lakin “Sabah”ın hücum potensialına bələd olan, topsuz qalanda oyun planının böyük ölçüdə pozulduğunu öyrənən Beer-Şeva təmsilçisinin müdafiə olunmağa üstünlük verəcəyi gözlənilmir.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun qəzetimizə verdiyi məlumata görə, oyun üçün 18 min bilet satılıb. “Hapoel” hələ ki 460 azarkeşi üçün müraciət edib. Hər iki sayın artmaq ehtimalı böyükdü. Hər halda, bizi hansı məcrada keçəcəyi bilinməyən qarşılaşma gözləyir. Ən önəmlisi isə müsbət nəticədi. Bəs, “bayquşlar” klub tarixinin ən böyük uğurunu qazana biləcəkmi? Bu gecə öyrənəcəyik.
Konfrans Liqası
pley-off, cavab oyunu
Qarabağ – Tvente (Niderland)
Hakimlər: ROHİT SAQQİ, Anders Olav Dale, Ole Andreas Haukasen, Marius Hansen Qrotta (hamısı Norveç).
27 avqust. Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00.
İlk oyun – 1:0.
Öz aramızdı, Niderlanda ciddi itkilərlə yollanan “Qarabağ” ilk oyunda ümidləri artıqlamasıyla doğrultdu. Axı əvvəlcədən bu matçda Zakaria Savo və Elvin Cəfərquliyevin zədə üzündən oynamayacağını, Abdulla Zubirin ayrıldığını, Cebrail Makreçkisin cəzalı olduğunu bilirdik. Üstəlik oyun günü Pedro Bikalyo ilə Renaldo Sefasın da heyətdə yer almayacağı üzə çıxdı. Belədə “köhlən atlar” üçün onsuz da çətin keçəcəyi gözlənilən “Tvente” səfəri bizi lap qorxutdu. Xoşbəxtlikdən təcrübəsini, ustalığını, əzmkarlığını və cəsarətini növbəti dəfə ortaya qoyan komanda Ensxedeni qalib tərk etdi. “Qarabağ” indi ardıcıl 13-cü dəfə avrokubokların liqa mərhələsində çıxış etmək uğrunda çarpışacaq. Bəli, doğma meydan, azarkeş dəstəyi, ümumi hesabda öndə olmaq kimi amillər ağdamlılar üçün böyük üstünlük təşkil edir. Lakin durumun arxayınlıq üçün əsas yaratdığını düşünə bilmərik. Əksinə, cavab oyunu ilk matçla müqayisədə daha çətin keçəcək. Axı meydanda nəyin bahasına olur-olsun, mərhələ adlamaq istəyən komandaların mübarizəsini izləyəcəyik.
Yeri gəlmişkən, oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəllidi. Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 13.30-da Suraxanıdakı məşq bazasında baş tutacaq. Saat 19.15-də isə ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşq keçiriləcək. Qonaqların çalışdırıcısı Con van den Bromun iştirakı iləmətbuat konfransı saat 17.15-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. “Tvente”nin media nümayəndələri üçün açıq məşqi isə saat 18.00-da eyni stadionda keçiriləcək. “Tofiq Bəhramov”da rəqibin 150 azarkeşinin olacağı gözlənilir.
Ümumiyyətlə, Azərbaycan 10 illik fasilədən sonra ilk dəfə avrokubokların liqa mərhələsində iki komanda ilə təmsil oluna bilər. Xatırlayırsızsa, klublarımız belə uğura sonuncu dəfə 2016/17 mövsümündə imza atıb. Həmin “futbol ili”ndə “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup (indiki liqa) mərhələsində mübarizə aparıb.
Uğurlar, “Sabah” və “Qarabağ”!
KƏNAN BAHADIR
"Sabah"dan cavab qolu
Manşet / Avrokuboklar






