“Şamaxı”nı qəbul edən “bozqurd” mübahisəli hakim qərarının qurbanı oldu. Xorxe Silvanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra top tirə dəyəndən sonra xətdən içəri düşüb. Lakin yerə dəyib qapıdan çıxan topu hakim qol kimi qeydə almayıb.
Yayınçı telekanal “CBC Sport”un təqdim etdiyi görüntülərdə epizodun aydın görünməməsi də müzakirə doğurdu. Lakin matçdan sonra yayılan başqa bir videoda topun qapı xəttini tam keçdiyi aydın görünür. “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevdən əldə etdiyimiz məlumata görə, həmin görüntünü klubun media komandasında çalışan videoqraf Elməddin Qasımov çəkib. Onun lentə aldığı rakursda topun qapı xəttini tam keçdiyinə dair heç bir şübhə qalmır. Nəticədə “Turan Tovuz”un haqsızlığa məruz qaldığını düşünən azarkeşlər hakimlər briqadasının qərarından ciddi narazılıq bildirib.
Səhv qərardan sonra tənqid oxlarının bir qismi də yayımçı telekanala - “CBC Sport”a yönəlib. Həm mübahisəli epizodun yayını ilə bağlı fikrini, həm də qarşılaşmanın neçə kamera ilə çəkildiyini öyrənmək üçün “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq:
“Bizə hər hansı bir tənqid gəlməyib. Futbol dinamik oyundu. Meydanda qərarı verən hakimdi. Biz bu mövsümdən minimum hər oyunu 8 kamera ilə göstəririk. Turun bir mərkəzi oyunu 16 kamera və dronla çəkilir, həmçinin iki şərhçi ayrılır. Hakimlərin verdiyi qərarı bizim şərh etməyimiz kanal olaraq düzgün deyil”.
Yeri gəlmişkən, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da mübahisəli epizoda münasibət bildirib. O, meydan sahiblərinin cərimə zərbəsindən sonra topun qapı xəttini tam keçdiyini təsdiqləyən aydın görüntünün olmadığını bildirib:
"Bu halda VAR müdaxiləsinə ehtiyac yoxdu və meydanda hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadı".
İSRAYIL XEYRULLAYEV





