Maraqlıdı ki, hər iki matçda "çərçivə"də ağdamlıların bir neçə həftə əvvəl heyətinə qatdığı Martin Zlomisliçə etibar edilib. Bosniyalı qapıçı bu oyunlarda həm də çoxlu seyvlə yadda qalıb. Bəs, qolkiperin artıq Mateuş Koxalskini unutdurduğunu düşünə bilərikmi? Onu polşalı qapıçıdan fərqləndirən amillər hansılardı?
Bu suallarla veteran qapıçı, vaxtilə "Qarabağ"ın da formasını geyən Fərhad Vəliyevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Bəli, Qurban müəllim artıq Koxalskiyə yox, Zlomisliçə şans verir. Öz aramızdı, bu qapıçı özünü sanki uzun müddətdi "Qarabağ"da oynayırmış kimi aparır. Özünə inanır, çox yaxşı təsir bağışlayır. Düzdü, həm Koxalski, həm də Zlomisliç çox yüksək səviyyəli qapıçılardı. Ancaq hiss olunur ki, yeni qapıçı daha istəklidi, əsas heyətdəki yerini itirmək istəmir. Görünür, "Qarabağ" çox uğurlu transfer edib. Gələcək oyunlarda həm "Sabah"a, həm də "Qarabağ"a avrokuboklarda uğurlar arzulayıram. İnşallah, hər iki komanda ev görüşlərində liqa mərhələsinə vəsiqə qazanar".
Xatırladaq ki, "Qarabağ"ın Zlomisliçlə imzaladığı müqavilənin müddəti "3+1" ildi.
KƏNAN BAHADIR






