"Football-plus.az" qeyd edir ki, niderlandlı mərkəz müdafiəçisi Ake sonuncu dəfə “Slaviya” ilə qarşılaşmada start heyətində meydana çıxsa da, ilk yarının ortalarında əvəzlənmişdi. Asensio isə sonuncu dəfə superliqada oktyabrın 14-də “Çaykur Rizəspor”la oyunda forma geyib və son 3 rəsmi oyunu buraxıb. Klubdan verilən açıqlamada sağ ayaq əzələsini dartan Akenin 3 həftəliyə sıradan çıxdığı qeyd olunub. Asensionun durumu isə daha ciddidi.
Bu mövsüm gah oynayan, gah da zədələnən ispaniyalı ulduzun baş məşqçi İsmayıl Kartal ilə münasibətlərinin qaydasında olmadığı iddia edilirdi. Amma klubun açıqlamasında diz qapağının qığırdağında zədə aşkarlandığından onun əməliyyata ehtiyac duyduğu qeyd olunub.
Rəsmi açıqlamada onun gələn həftə əməliyyat olunacağı və ən azı 3 aylığa sıradan çıxdığı bildirilib. Bu mövsüm 8 rəsmi oyunda 1416 dəqiqə forma geyən və aktivinə 2 qol, 1 məhsuldar ötürmə yazan Aseniso özü də “instaqram” səhifəsində zədəsi ilə bağlı paylaşım edərək bunları yazıb:
“Ötən mövsümün sonlarına yaxın oynamağıma mane olan bir zədə keçirdim. Ciddi hədəflərimizin olduğunu nəzərə aldıqda komandaya yardım edərək çempionluq hədəfimizə çata biləcəyimizə inanırdım. Hər nə qədər sağlamlığımı riskə atsam da, komandam naminə gözləniləndən daha tez meydana dönmək üçün bütün üsullardan istifadə etdim. Ancaq son üç həftədə ağrılarım azalmadığı üçün fasilə götürməyə və tibbi müdaxiləyə ehtiyac duydum. Mənim üçün çətin bir qərar olsa da, geri dönməkdə çox isətkliyəm. Artıq bütün diqqətimi geri dönməyə və fanatlarımızla birləşməyə yönəltmişəm. Mənə hər gün verdiyiniz dəstək və güc üçün təşəkkür edirəm. Ən qısa müddətdə həmişəkindən daha güclü şəkildə görüşmək ümidi ilə”.
Qeyd edək ki, sentaybrın əvvəllərində “Fənər”in digər ulduzu Ceyden Oostervolde də əməliyyat olunaraq ən azı 3 aylığa sıradan çıxıb.





