Bilindiyi kimi, bu gün Çempionlar, avqustun 13-də isə Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına şahidlik edəcəyik.
Təmsilçilərimizin, yəni "Sabah"la "Qarabağ"ın bu qarşılaşmalar üçün qüsursuz hazırlıq prosesi keçdiyinə və meydanda səhvə yol verməmək üçün əlindən gələni edəcəyinə heç bir şübhəmiz yoxdu. Lakin hər şey bununla bitmir. Təbii ki, əsas məqamlardan biri də matçların ədalətli şəkildə idarə olunmasıdı. Bəs, komandalarımızın oyununa təyinat alan hakimlər nə dərəcədə təcrübəlidi? Qəzetimizin ənənəvi hakim təqdimatında bu suala cavab tapmağa çalışacağıq.
Villi Delajo... 33 yaşlı "fit sahibi" hakimlik karyerasına 2016-cı ildə başlayıb. 1-ci liqada özünü yaxşı tərəfdən göstərməyə nail olan ədalət təmsilçisi qısa müddətdə - cəmi iki il sonra əsas çempionat üçün təyinat alıb. Delajo indiyə qədər bu liqada 143 oyun idarə edib. O, bu qarşılaşmalarda 530 sarı, 41 qırmızı vərəqə göstərib. Delajo Konfrans və Avropa Liqasının həm təsnifat, həm də əsas, Çempionlar Liqasının isə yalnız təsnifat mərhələlərində bacarığını nümayiş etdirib. O həm də beynəlxalq yoldaşlıq oyunları, 17 və 21 yaşadək futbolçuların Avropa çempionatındakı çıxışlarında ədaləti təmsil edib. Delajonun xidmətinə Portuqaliya liqasında da ehtiyac duyulub.
Əsas məsələyə gəlincə, bəli, fransalı referi bizimkilərin oyunlarında iş başında olub. İlk tanışlıq 2021-ci ilə - Konfrans Liqasının pley-off mərhələsinin “Neftçi” – “Makkabi” (Hayfa) matçına (3:3) təsadüf edib. Ədalət təmsilçisi bu qarşılaşmada "Neftçi"nin 5, İsrail komandasının 3 futbolçusuna sarı vərəqə göstərib. 77-ci dəqiqədə "ağ-qaralar"dan İsmayıl Zülfüqarlını ikinci "sarı" ilə meydandan qovub. Məhz bundan sonra ardıcıl iki qol vuran qonaqlar "sülh"ə nail olub. Növbəti görüş isə 2022-ci ildə baş verib. Delajo bu dəfə Avropa Liqasının qrup (indiki liqa) mərhələsində keçirilən "Frayburq" – "Qarabağ" qarşılaşmasında VAR hakimi funksiyasını yerinə yetirib. Üçüncü təyinat isə 2024-cü ildə olub. Fransalı Avropa Liqasının əsas mərhələsinin “Tottenhem” – “Qarabağ” (3:0) qarşılaşmasını idarə edib. Delajo bu matçın ilk hissəsində rəqibin oyunçusu Radu Draqişinə birbaşa qırmızı vərəqə göstərib, ikinci yarıda isə "Qarabağ"ın xeyrinə penalti təyin edib. O başqa məsələ ki, topun arxasına keçən Toral Bayramov bu şansdan yararlana bilməyib.
Ümumiyyətlə, Delajo karyerası ərzində 311 oyun idarə edib. O, bu qarşılaşmalarda futbolçuları 1136 sarı, 91 qırmızı vərəqə ilə üzüb.
Stüart Attuell... Söhbət İngiltərə premyer-liqasının tanınmış simalarından biri olan hakimdən gedir. Çünki 1992-ci ildə dünyaya göz açan Attuell artıq 2008-ci ildə ölkəsinin əsas çempionatında iş başında idi. Ədalət təmsilçisi bunun sayəsində yarışın tarixinə ən gənc hakim kimi düşüb. Attuell premyer-liqada idarə etdiyi 243 qarşılaşmada 925 sarı, 33 qırmızı vərəqə göstərib. Onun beynəlxalq karyerasını da zəngin saya bilərik. Hər halda, bu siyahıya 19 və 21 yaşadək futbolçuların Avropa çempionatındakı çıxışlarını, Millətlər Liqası, beynəlxalq yoldaşlıq oyunları, Gənclər Liqası, Konfrans və Avropa Liqasının təsnifat və əsas mərhələsinin matçları daxildi. O, Çempionlar Liqasında debüt etməyib. Həmçinin referi ilk dəfə təmsilçilərimizdən birinin oyununda iş başında olacaq.
Ümumiyyətlə, Attuell karyerası boyunca 630 matç idarə edib və bu görüşlərdə 2187 sarı, 101 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR