Birinci liqa komandalarından “Zaqatala” ötən mövsüm bir çox yeniliyə imza atdı. Futbolun İnkişaf Fondu (FİF) ilə əməkdaşlıq sayəsində klub müəyyən işlər gördü. Premyer-liqa klublarının bəziləri sponsor yoxluğu çəkərkən Zaqatala təmsilçisi tədricən bu problemi aradan qaldırmaq üzrədi. Bir neçə gün öncə klub yeni sponsorla anlaşıb.
Görəsən, yeni tərəfdaş “Zaqatala” ilə bağlı hansı öhdəlikləri üzərinə götürüb? Bununla bağlı FİF-in icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq:
“İyulun 15-də FİF-in vasitəçiliyi ilə “Zaqatala” və “Timsport” şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Timsport” “Zaqatala”nı idman avadanlıqları ilə təmin edəcək. İdman avadanlıqları əsas komandanın və akademiyanın komandalarının istifadəsinə veriləcək. Bununla yanaşı, klubun Zaqatalanın 5 kəndində yaradacağı uşaq futbol dərnəklərini “Timsport” idman avadanlıqları ilə təmin edəcək. Bildiyiniz kimi, FİF-in vasitəçiliyi ilə bu ilin əvvəlində “Zaqatala” ilə “Music Gallery” arasında baş sponsorluq müqaviləsi imzalanıb. Bununla yanaşı, ötən mövsümün əvvəli daha bir tərəfdaş da cəlb olunub. Bu, tibbi təchizat sahəsində kluba dəstək olacaq. Ümumiyyətlə, istəyirik ki, sponsor cəlb etməklə yanaşı, cari xərclərin qarşılanmasında da kömək göstərək. Klubun hansısa cari xərcləri varsa, onları barter tipli müqavilələr imzalanan tərəfdaşlar hesabına qarşılayaq”.
Tural bəy komanda ilə bağlı nəzərdə tutulan planlardan da söz açdı:
“Zaqatala” ilə bağlı bir çox planımız var. Əsas istiqamətlərdən biri gəlir kanallarının artırılmasıdı. Hazırda “Biznes-klub” layihəmiz davam edir. Üzvlərin sayını 10-a çatdırmaq istəyirik. Bununla yanaşı, oyun günü təcrübəsi və oyun günü gəlirlərinin artırılması üçün də müvafiq planlar qurulub. Növbəti mövsümdən etibarən həyata keçirməyi planlaşdırırıq. Həmçinin oyun günü gəlirləri ilə bağlı müxtəlif gəlir kanallarını (su-qida və klub atributlarının satışı) aktivləşdirməyə çalışacağıq”.
RÖYANƏ OĞUZ