“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır

15.06.2026 17:10 122
Ölkə futbolu / Aktual
Son mövsümdə “qızıl dubl” edən “Sabah”da Çempionlar Liqasına hazırlıq davam edir. “Bayquşlar” artıq üç yeni futbolçunu da heyətinə qatıb.

Eyden Makkarti. Cənubi Afrikadan olan mərkəz müdafiəçisi ilə “3+1” illik müqavilə bağlanıb. 22 yaşlı futbolçu ölkəsinin “Kayzer Çifs” klubundan transfer edilib. Solayaq oyunçu CAR-ın U-23 millisinin üzvüdü. Ölkəsində böyük fanat kütləsinə sahibdi. “Sabah” onu 720 min manata heyətinə qatıb.

Hazırda paytaxt təmsilçisində həmin mövqeydə Stiv Solvet, İqor Noqeyra, Rəhman Daşdəmirov çıxış edir.

Yunes Laşaab. Fransalı futbolçu birillliyə icarəyə götürülüb. “Lill”in yetirməsi olan 21 yaşlı sol cinah vingerinin transfer hüququnu “Sabah” özündə saxlayacaq. Laşaab həm də Aron Maluda ilə bir komandada çıxış edib. Yunesin çıxış edəcəyi mövqeydə Coy-Lens Mikels, Velko Simiç və Xəyal Əliyev var.

Junior Erivaldo Almeyda. Braziliyalı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu Portuqaliyanın “Maritimu” klubundan transfer edilib. Almeyda da solayaq futbolçudu. Karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-23), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022/23) və “Maritimu” (2024-26) komandalarında oynayıb.

Düşünürəm ki, “Sabah”da daha bir neçə ayrılıq baş verəcək. Sesse Sekidika və Nicat Mehbaliyevlə yollarını ayıran “bayquşlar” heyətdə sıxlıq problem ilə üzləşəcək. Bu ay müqavilə müddəti bitəcək İqor Noqeyranın klubdan ayrılmaq ehtimalı yüksəkdi. Mərkəz müdafiəçisinin mövqeyinə daha iki oyunçunun transfer edilməsi buna daha böyük təsir edəcək.

“Football-plus.az” “Sabah”ın yeni transferləri ilə bağlı menecer Emin Şükürovun fikrini öyrənib:

“Düşünürəm ki, bu oyunçuların transfer edilməsi ani qərar deyil. Klubun skaut sistemi ilə tanış biri kimi deyə bilərəm ki, bir oyunçunu uzun müddət izləyirlər. Yetərincə geniş agent şəbəkələri ilə iş görürlər. Bu səbəbdən hansısa oyunçunun heyətə güc qatacağına inanmasalar, transfer etməzlər. Klub rəhbərliyinin üzərinə böyük yük düşür. Mən inaniram ki, yeni oyunçular uzunmüddətli, perspektivli şəkildə alınıb. Komanda davamlı inkişaf edir. Artıq Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. İstər gördüyü işlərlə, istərsə də meydanda göstərdiyi performansla fərq yaradıblar. Qarşımızdakı mövsümdədə bu performansı gözləyirəm. İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar. Bu baş verməsə, digər liqalarda ölkəmizi layiqincə təmsil edəcəklərinə inanıram. Legioner oyunçuların transfer edilməsində mühüm məsələlərdən biri onun buraya uyğunlaşmasıdı. Elə oyunçular var ki, tez bir şəkildə bu mərhələdən uğurla keçə bilir. Çox keyfiyyətli, yüksək liqalarda iştirak edən futbolçular da var ki, Azərbaycana və ya kluba uyğunlaşa bilmirlər. Subyektiv və obyektiv səbəblər var. Bu problemi aradan qaldırmaq üçün hazırlıq görüşləri var. Bu matçlarda onların çıxışına baxıb, gələcəklə bağlı fərziyyələr yürüdə bilərik”.

Qeyd edək ki, “Sabah” təlim-məşq toplanışına iyunun 17-də start verəcək.

İSRAYIL XEYRULLAYEV