"Sumqayıt"da uğursuzluğun əvəzini kim ödəyəcək? - Elvin Bayramovla Blek qurban rolunda...

25.11.2026 14:00
Ölkə futbolu / Manşet
"Sumqayıt" Misli premyer-liqasının 12-ci turunda növbəti uğursuz nəticə ilə üzləşdi. Cari mövsümdə ilk dəfə "Mehdi Hüseynzadə"də meydana çıxan, 4000-ə yaxın azarkeşi önündə mübarizə aparan "kimyaçılar" "Sabah"a böyük hesabla uduzdu (1:5).

Əlbəttə, ilk baxışdan ağır məğlubiyyəti Lukas Blekin ardıcıl kobudluqlar üzündən ikinci "sarı"dan qırmızı vərəqə alıb, komandasını azlıqda qoyması ilə bağlamaq olar. Ona görə ki, qonaqlar 4 qolu rəqib 10 nəfərlə mübarizə apardığı vaxtda vurdu. Ancaq indiki durumda tənqidlərə Bleki qalxan etmək yumşaq dildə desək, ədalətli deyil. Çünki "bayquşlar" ilk dəqiqələrdən təşəbbüsü ələ almağı bacarmış, hadisələrin axarına nəzarəti üstün performansla təmin etmişdi.

Azlıqda qalan komanda darmadağın olmaya da bilər. Bunun üçün sadəcə, psixoloji vəziyyət qaydasında olmalı, düşünülmüş müdafiə planı tətbiq edilməlidi. Düzdü, baş məşqçi Filipe Kandido ehtiyat oyunçular skamyasında əyləşmiş futbolçulardan yararlanmağa çalışdı. Burda ikisi qapıçı olmaqla cəmi 7 futbolçu var idi ki, mütəxəssis qolkiperlərdən başqa bütün oyunçuları döyüşə atdı. Sadəcə, bu məqamı qabartmaq yada düşmədi. Kandido Bleki "qaraladı", klub prezidenti Riad Rəfiyev oyundan sonra jurnalistlərə açıqlamasında matçın baş hakimi Elvin Bayramovu nəticəyə təsir edən səhv qərar verməklə suçladı.

Yaxşı, bəs "Sumqayıt"ın - böyük şəhərin tək komandasının kasad heyətə malik olması, 11 matçda cəmi 2 qələbə qazanması, turnir cədvəlində yalnız debütant "Şəfa" ilə ev oyunlarını başqa yerlərdə keçirən, ciddi maliyyə problemləri ilə mübarizə aparan "Araz-Naxçıvan"ı qabaqlaya bilməsi kimin səhvidi?

KƏNAN BAHADIR