Bu gün bizi mövsümün şah oyunu gözləyir. Bayramlarla bağlı qəzetimizin qrafikində yaşanan dəyişiklik üzündən finalı bir yox, 4 gün əvvəldən işıqlandırmalı oluruq. Amma istənilən halda, artıq indidən həyacan hiss olunur. Mayın 30-da Macarıstanın paytaxtı ya parislilərin, ya da londonluların zəfər meydanına çevriləcək. Hələlik isə PSJ ilə “Arsenal”ın duelinə aid ən maraqlı məqamlara nəzər salaq.
Parislilərin heyətlə bağlı problemləri var
Mövsümün həlledici oyununa komandalar bənzər əhval-ruhiyyədə, amma fərqli problemlərlə daxil olur. PSJ üçün Liqa-1-də çempionluq artıq sıradan bir uğurdu. Paris nəhəngi Fransada hegemonluğunu davam etdirərək ardıcıl 5-ci mövsümdə zirvəni əldən vermədi. Luis Enrikenin komandası ölkə daxilində ciddi güc sərf etmədən çempion oldu və finala da Fransanın ən güclüsü statusunda çıxacaq. “Arsenal” üçün isə premyer-liqa çempionluğu tarixi uğurdu. Çünki komanda bu zəfəri 22 ildən sonra yaşadı. Bəzi fanatlar hələ də bunun eyforiyasından ayıla bilməyib. Yəni istənilən halda “Arsenal” finalda uduzsa belə, mövsüm komanda üçün uğurlu sayılacaq. London nəhəngi premyer-liqa ilə yanaşı, ÇL-i də qazansa, böyük bir tarix yazacaq. Yəni iki komanda da ölkə çempionluğunu qazandığından, finala yüksək əhval-ruhiyyədə çıxacaqlar.
Heyət baxımından isə parislilərin problemləri daha çoxdu. Birdən-birə iki əsas futbolçunun – Əşrəf Hakimi ilə Usman Dembelenin start heyətində oynaması ciddi sual altındadı. Mayın 25-nə olan məlumata görə, Hakiminin “11-lik”də görünməmək ehtimalı görünmək ehtimalından daha yüksəkdi! Mayın 17-də prinsipial Paris derbisində zədələnərək erkən əvəzlənən Dembelenin son durumu barədə dəqiq məlumat yoxdu. “Qızıl top”un son qalibi dünənə qədər fərdi şəkildə məşq edirdi. Onun komandanın bugünkü məşqində də iştirak etməməsi artıq ciddi suallar doğuracaq.
“Arsenal”da yalnız Ben Uaytın yoxluğu gözə dəyir. Amma sağ cinah müdafiəçisi komandanın aparıcı futbolçularından sayılmır. Uayt sağlam və hazır olanda da tez-tez ehtiyatda qalır. “Əbədi zədəli” Edeqorun durumu da sual altındadı. Amma “Arsenal” bu mövsüm az qala bütün əsas oyunları onsuz keçirib. Norveçlinin yoxluğu da Mikel Arteta üçün ciddi problem yaratmamalıdı. “Arsenal” üçün sevindirici məqam Kay Havertsin zədəsini sağaldaraq tam sıraya dönməsidi. “Bernli” ilə oyunda həm qələbə, həm də sonradan məlum olduğu kimi, çempionluq qolunu məhz Haverts vurdu. Özü də almaniyalı ulduzun artıq ÇL-in finalında qol vurmaq təcrübəsi var. 2021-də “Çelsi”nin finalda “Mançester Siti”ni məğlub etdiyi oyunda qələbə qolunu məhz Haverts vurmuşdu.
PSJ ingilislərin qəniminə çevrilib
PSJ və “Arsenal” indiyə qədər 7 dəfə qarşılaşıb. Tərəflər hərəyə iki qələbə qazanıbsa, 3 görüşdə bərabərlik qeydə alınıb. Ötən mövsüm PSJ-nin bu rəqibi yarımfinalda həm səfərdə (1:0), həm də evdə (2:1) məğlub etməsi hələ yaddaşlardan silinməyib. Amma ötən mövsüm Artetanın komandası belə desək, hələ tam “bişməmişdi”.
Ümumiyyətlə, ispaniyalı mütəxəssisin dönəmində “topçular”ın pillə-pillə irəliləməsi diqqəti çəkir. Komanda premyer-liqada ardıcıl 3 gümüş medallardan sonra, nəhayət, çempion oldu. ÇL-də isə 1/4 final və yarımfinalın ardından indi də finala yüksəlmək mümkün olub. ÇL-in son qalibi statusunda olan və ötən mövsümün finalında “İnter”i darmadağın edən PSJ ardıcıl iki il finala yüksələn ilk Fransa təmsilçisidi. Paris nəhəngi ÇL dönəmində titulu qorumağı bacaran cəmi ikinci klub ola bilər. Daha öncə bunu yalnız “Real” bacarıb. “Kral klubu” ardıcıl 3 il (2016, 2017, 2018) bu turnirin qalibi olub.
Final ərəfəsində diqqəti çəkən məqamlardan biri də PSJ-nin son dönəmlərdə İngiltərə klubları üzərindəki hegemonluğudu. Parislilər ÇL-də ingilislərə qarşı son 5 pley-off duelinin hamısından qalib ayrılıblar! Komanda ötən mövsüm titula aparan yolda “Liverpul”, “Aston Villa”, “Arsenal”, bu mövsüm isə finala gedən yolda “Çelsi” və “Liverpul”u mübarizədən kənarlaşdırıb. Fransa çempionu İngiltərə təmsilçilərinə qarşı son 12 qarşılaşmanın yalnız 1-də uduzub (9 qələbə, 2 heç-heçə).
Yarımfinalda “Bavariya” kimi “qol maşını”nı mübarizədən kənarlaşdıran PSJ özü də bu mövsüm diqqətçəkən məhsuldarlıq sərgiləyir. Komanda artıq 44 qol vurub və yeni rekordun astanasındadı. ÇL-də bir mövsümə ən çox qol vuran klub 1999/00-i 45 qolla tamamlayan “Barselona”dı. Parislilər yeni rekordçuya çevrilmək üçün 2 qola ehtiyac duyur. Daha bir önəmli məqam odu ki, finallar da daxil olmaqla PSJ-nin indiyə qədər ÇL-in pley-offunda keçirdiyi 64 matçın heç biri qolsuz başa çatmayıb! Daha öncə 2015-də “Barselona”nın başında ÇL-in qalibi olan Luis Enrike bu turniri 2-dən artıq qazanan 5-ci məşqçiyə çevrilə bilər. Bu siyahıya 5 qələbə ilə Karlo Ançelotti başçılıq edir. Bob Peysli, Zinəddin Zidan və Xosep Qvardiolla isə hərəyə 3 dəfə qalib olub.
“Arsenal” tarixinin cəmi 2-ci finalında oynayacaq. Komanda ilk dəfə düz 20 il öncə - 2006-da ÇL-in finalında oynayıb və Parisdəki finalda “Barselona”ya uduzub (1:2). Maraqlıdı ki, “Arsenal” İngiltərənin ÇK/ÇL-i qazanan 8-ci fərqli klubu ola bilər. Halbuki digər ölkələrdən 3-dən artıq çempion çıxmayıb! Bundan başqa, “Arsenal” ÇK/ÇL-i qazanan 25-ci fərqli klub ola bilər. Sonuncu dəfə yeni çempion cəmi bir il əvvəl - PSJ-nin qələbəsi ilə oprtaya çıxmışdı. Bu turnirdə ardıcıl iki il yeni çempionların ortaya çıxması faktına 1992 (Barselona) və 1993-cü (Marsel) illərdə rast gəlinib. Az öncə vurğuladığımız kimi, PSJ məhsuldarlıq rekordunun astanasındadısa, “Arsenal” əksinə, “quru” oyunlarla bağlı rekordu təkrarlaya bilər. Komanda bu mövsüm ÇL-də artıq 9 matçda qapısını toxunulmaz saxlayıb. 2005/06-da “Arsenal” özü, “2015/16-da isə “Real” ÇL-də 10 matçda qapısını toxunuımaz saxlayıb.[/b]
[b]final
30 may
PSJ – Arsenal
Cəzalı: yoxdu
Hakim: Daniel Zibert (Almaniya)
Reaksiyalar
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Premyer-liqanı qazanmaqla tam yeni səviyyəyə yüksəldik. Eləcə də gözləntiləri maksimum səviyyəyə qaldırdıq. Bir qədər də irəliləmək istəyiriksə, ÇL-i də qazanmalıyıq. Budapeştdə bizi tarixi duel gözləyir. Qələbə qazanmaq üçün bütün gücümüzü meydanda qoyacağıq. Komandada enerji və dostluq səviyyəsi çox yüksəkdi. Futbolçularımız arasında ailəlikcə dostluq edənlər də var. “Arsenal”a kənardan baxanda həm sevinci, həm də ambisiyanı görmək mümkündü. Bütün bunları biz etdik. Ancaq bununla kifayətlənmək istəmirik. Öz gücümüzə və qələbəyə inananaraq meydana çıxmalıyıq. Luis Enrike ilə ilk dəfə “Barselona”da qarşılaşanda 16 yaşım var idi. Əsas komanda ilə yeni məşqlərə çıxırdım. Enrike gənclərə bacardığı qədər yardım edən, onları dəstəkləyən bir isim idi. Futbolçu kimi ona heyran idim. Enrikenin elə bir aurası var ki, hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdi. Gördüyü işin düzgünlüyünə həmişə əmindi. İkimiz də bir-birimizə hörmətlə yanaşırıq. İkimiz də bura qədər gəlməyin necə çətin bir iş olduğunu dərk edirik. Hər iki tərəf meydana çıxıb, qələbə üçün əlindən gələni edəcək”.
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Düşünürəm ki, “Arsenal” tam layiqli şəkildə premyer-liqanın qalibi oldu. Onlar əvvəldən sona qədər mövsümü yüksək səviyyədə keçirdilər. Bu “Arsenal” ilə artıq yollarımız kəsişib. Ona görə də onların nəyə qdir olduqlarını bilirik. Topsuz oyunda “Arsenal” bəlkə də dünyanın ən güclüsüdü. Topa sahib olanda isə hər an, hər vəziyyətdə qol vurmağa qadirdilər. Finalda məhz onların bizə rəqib olması təbiidi. Bizi həqiqətən də böyük oyun gözləyir. “Arsenal”ın statistik göstəricilərinə baxsaq, Mikel Artetanın necə mühüm işlər gördüyünü anlamaq olar. O əsl liderdi və komandaya yenidən qalib mentallığını aşıladı. Düzdü, bizim komanda fiziki göstəriciləri ilə seçilmir. Amma müdafiə olunmağı bacarırıq. “Arsenal”la PSJ-nin həm oxşar, həm də fərqli cəhətləri var. Hər iki klub oyuna nəzarət etməyi xoşlayır. “Arsenal”dan topu almaq çətindi. Dediyim kimi bu komanda öz məşqçisinin ideyalarını çox gözəl şəkildə meydanda əks etdirir. Möhtəşəm bir final olacaq”.
Bilirsizmi?
Tarixdə ilk dəfə UEFA bayrağı altında keçirilən turnirin finalında Fransa və İngiltərə təmsilçiləri üz-üzə gələcək!
Maraqlıdı...
ÇL tarixində cəmi 4-cü dəfə finalda eyni ölkədən olan baş məşqçilərin duelini izləyəcəyik. Daha öncə bu hal 2003-cü ildə italyanlar - Karlo Ançelotti (Milan) ilə Marçello Lippi (Yuventus), 2013-cü ildə almanlar – Yupp Haynkes (Bavariya) ilə Yürgen Klopp (Borussiya D) və 2020-ci ildə yenə də almanlar – Hans-Diter Flik (Bavariya) ilə Tomas Tuxelin (PSJ) duelində yaşanıb. Tarixdə ilk dəfə eyni ölkədən olan məşqçilərin hər ikisi fərqli ölkənin klubları ilə finalda iştirak edəcək. Onu da bildirək ki, bu mövsüm hər üç avrokubok ispaniyalı məşqçilərə qismət ola bilər. Bu fakta yalnız KL-in finalında “Kristal Pelas”ın avstriyalı çalışdırıcısı Oliver Qlasner mane ola bilər.
Yeri gəlmişkən...
“Arsenal” bu mövsüm hələ də ÇL-də məğlubiyyət acısı yaşamayıb. Komanda, ümumiyyətlə, tarixində ilk dəfə bu turnirdə 14 oyunluq məğlubiyyətsiz seriya yaxalayıb (11 qələbə, 3 heç-heçə). London nəhəngi ÇL-də bir mövsümün heç bir oyununda uduzmadan çempionluq sevinci yaşayan 10-cu komanda kimi tarixə düşə bilər. Özü də “Arsenal”ın rekordunu başqaları ilə müqayisədə çətin edən məqam odu ki, yeni formatdan sonra oyun sayı artıb. İndiyə qədər ÇL-i uduzmadan qazanan klublar bunlardı.
1992/93: Marsel – 11 oyun, 7 qələbə, 4 heç-heçə
1993/94: Milan – 12 oyun 7 qələbə, 5 heç-heçə
1994/95: Ayaks - 11 oyun, 7 qələbə, 4 heç-heçə
1998/99: Mançester Yunayted – 13 oyun, 6 qələbə, 7 heç-heçə
2005/06: Barselona – 13 oyun, 9 qələbə, 4 heç-heçə
2007/08: Mançester Yunayted – 13 oyun, 9 qələbə, 4 heç-heçə
2019/20: Bavariya – 11 oyun, 11 qələbə
2022/23: Mançester Siti – 13 oyun, 8 qələbə, 5 heç-heçə
2023/24: Real – 13 oyun, 9 qələbə, 4 heç-heçə
Bunu da bilin...
ÇK/ÇL tarixində cəmi 4-cü dəfə paytaxt təmsilçiləri üz-üzə gələcək. Daha öncə bu hal 1962-də “Benfika” – “Real”, 1966-da “Real” – “Partizan”, 1971-də “Ayaks” – “Panatinaikos” finalında yaşanıb.





