Avropada “futbol ili” başa çatmaq üzrədi.
"Football-plus.az" xəbər verir ki, 2025/26 mövsümü Azərbaycan da daxil olmaqla bir çox ölkədə sürpriz klubların çempionluğu ilə əlamətdar oldu. Görünür, “Qarabağ”dan başqa “Bude/Qlimt”, “Kopenhagen”, “Pafos” da Çempionlar Liqasında o qədər güc sərf etdi ki, daxili çempionata nə güc qaldı, nə də motivasiya. Bu yazıda bu mövsüm 10, 50, hətta 100 ildən çox davam edən həsrətə son qoyaraq çempion olan klubları xatırlayacağıq. Əslində bu siyahıya Norveçdə 35 ildən sonra çempion olan “Vikinq”lə İsveçdə 87 illik tarixi ərzində ilk dəfə çempion olan “Myallbu”nu da əlavə etmək mümkündü. Amma Norveç və İsveçdə mövsüm “yaz-payız” sistemi ilə keçirildiyindən artıq bu uğurlar bir qədər gündəmdən düşüb.
Azərbaycan: Sabah (1-ci çempionluq)
Ölkəmizdən başlayaq. Ötən yay kimsə bizə “Qarabağ”ın 2026-nın yayında ölkənin ən güclüsü olmayacağını desəydi, həmin adama gülərdik. Amma “Sabah” hər baxımdan tarix yazdı. 2017-nin sentyabrında əsası qoyulan, 2018-dən elitada oynamağa başlayan klub nəinki tarixinin ilk çempionluğunu qazandı, həm də “Qarabağ”a qarşı 5 rəsmi oyunun heç birində uduzmamaqla ağdamlılara ayrıca meydan oxudu! Qurban Qurbanov kiminsə ona “əlcək ata biləcəyinə” hazır deyildi və sonda “ağ bayraq qaldırdı”. Yarandığı tarixdən cəmi 8 il sonra ölkə çempionu olmaq Avropa futbolunda yenilik deyil. İlk çempionluğunu bundan da qısa müddətdə qazanan klublar olub (“Şerif”, “Astana”, BATE). “Sabah”ın bu uğuru göstərdi ki, futbolda daimi qalib yoxdu. Amma istənilən halda “Qarabağ” 12 çempionluqla hələ ki bu göstəricidə rəqibləri üçün əlçatmazdı. Ən yaxın izləyicisi “Neftçi”nin 9 çempionluğu var.
İngiltərə: Arsenal (14-cü çempionluq)
Arsen Venger dönəmindən sonra ciddi titullara həsrət qalan və bir ara tam gözdən itən “Arsenal”, nəhayət, 22 ildən sonra “mən də varam” dedi. Demək olar, bütün mövsümü lider olan London nəhəngi sonlara yaxın böyük üstünlüyü əldən verərək “Mançester Siti”ni ümidləndirsə də, titul qazana bildi. “Arsenal” premyer-liqa dönəmində 4-cü, tarixinin 14-cü titulunu qazandı. Amma bu göstəricidə İngiltərədə hərəyə 20 çempionluğu olan “Mançester Yunayted”lə “Liverpul” “ağalıq edir”. “Topçular”ın həsrətə son qoymasının ardından ser Aleks Ferqyuson dönəmindən bəri çempion ola bilməyən “Yunayted”in gələn mösüm necə çıxış edəcəyi maraq doğurur.
Bolqarıstan: Levski (27-ci çempionluq)
“Levski” 2009-cu ildən bəri ilk, tarixinin isə 27-ci çempionluğunu qazandı. 17 illik çempionluq həsrəti bəlkə də (siyahıda olan bəzi başqa klublarla müqayisədə) belə desək, qorxunc görünmür. Amma burda əsas prinsipial məqam odu ki, “Levski” “Ludoqorets”in 14 illik (!) hegemonluğuna son qoydu. Bəli, 2011-dən bəri yalnız Razqrad təmsilçisi çempion olurdu. “Levski” isə prinsipial rəqiblə az qala 20 xallıq fərq yaratdı. “Ludoqorets”in bu 14 çempionluqdan başqa zəfəri yoxdu və bu göstəricidə yalnız 3-cü pillədədi. Zirvədə isə 31 çempionluqla Sofiyanın digər təmsilçisi ÇSKA qərarlaşıb. Baxmayaraq ki, bu klub son çempionluğu 2008-də əldə edib.
Avstriya: LASK (2-ci çempionluq)
2024-də “Zaltsburq”un 10 illik hegemonluğu başa çatandan sonra digər klublar fəallaşdı. Son iki ildə çempion olan “Şturm” bu il son tura qədər mübarizə aparsa da, titulu qoruya bilmədi. Son turda səfərdə “Austriya”nı 3:0 darmadağın edən LASK çempion oldu. Özü də Lints şəhərinin təmsilçisi 61 illik (!) həsrətə son qoydu. 117 illik tarixə malik LASK daha öncə yalnız 1965-də çempion olmuşdu. Avstriya futbolundakı vəziyyət də Bolqarıstanı xatırladır. Vyana “Rapid”i son çempionluğunu 2008-də qazanmasına baxmayaraq, böyük fərqlə ölkədə ən çox (32) çempion olan komandadı. “Austriya”nın 23, “Zaltsburq”un 17 çempionluğu var.
Macarıstan: Dyor (5-ci çempionluq)
Macarıstan futbolunda da bu mövsüm kiçik bir inqilab oldu. Nəhayət, “Ferenstvaroş”dan başqa da kimsə çempionluğu qazandı. Son tura qədər davam edən mübarizədən “Dyor” qalib ayrıldı. Eyniadlı şəhəri təmsil edən bu klub “Ferenstvaroş”un 7 illik hegemonluğuna son qoydu. “Dyor” son 43 ildə cəmi 2-ci, tarixinin 5-ci titulunu qazandı. Sonuncu dəfə bu komanda 2012/13-də fanatlarını sevindirmişdi. Ancaq 1965-də ÇK-nın yarımfinalında oynayan “Dyor” Macarıstan futbolunda aparıcı qüvvə sayılmır. Bu komanda çempionluq sayında nəinki “Ferenstvaroş”dan (36), hətta MTK-dan (23) da çox geridədi.
Danimarka: Orxus (6-cı çempionluq)
Daha bir maraqlı çempion Danimarkada peyda oldu. 2014-dən bəri bu ölkədə “Kopenhagen”lə “Midtüllann”ın çempionluğuna yalnız 2021-də “Brondbü” mane olmuşdu. Mövsümün əvvəlində “Orxus” çempionluğa namizədlər arasında göstərilmirdi. Ancaq “Kopenhagen”in fiasko yaşayaraq heç “6-lığ”a belə düşmədiyi mövsümdə “Orxus” “Midtüllann” ilə mübarizədən qalib ayrıldı. Şəhərin eyniadlı komandası 40 illik həsrətə son qoyaraq tarixinin cəmi 6-cı çempionluğunu qazandı. Çempionluq sayında “Kopenhagen” (16) əlçatmazdı. “Brodnbü” (11) isə ikinci pillədədi.
Cənubi Kipr: Omoniya (22-ci çempionluq)
Kiprdə hər il yeni çempionun ortaya çıxması artıq ənənə halını alıb. Ardıcıl 6-cı mövsümdü çempion dəyişir! Bu ənənə 2021-də “Omoniya”nın APOEL-in 7 illik hegemonluğuna son qoymasından sonra başladı. “Omoniya”nın ardından “Apollon”, “Aris”, APOEL və “Pafos” sevinmişdisə, indi sevinmək növbəti yenidən nikosiyalılara çatdı. “Omoniya” tarixinin 22-ci çempionluğunu qazandı və bu göstəricidə yalnız APOELdən (29) geri qalır.
Rumıniya: Universitatya Krayova (5-ci çempionluq)
Yeni çempionun ortaya çıxdığı daha bir ölkə Rumıniyadı. Son iki ilin çempionu FKSB çox zəif mövsüm keçirərək 8-ci pilləni tutdu. Ona görə də mübarizə alışmadığımız klublar arasında getdi və “Universitatya Krayova” sona bir tur qalmış sürpriz çempionluğunu rəsmiləşdirdi. Özü də klub 35 illik həsrətə son qoydu və tarixinin cəmi 5-ci çempionluğunu qazandı. Bu göstəricidə “Universitatya Krayova” birdən-birə 6 klubdan geri qalır. Lider isə təbii ki, ölkə futbolunun flaqmanı olan FKSB-di (28).
İsveçrə: Tyun (1-ci çempionluq)
“Futbol ili”nin bəlkə də ən böyük sensasiyası Avropanın “göbəyində” yaşandı. “Bazel” 2025-də 7 illik çempionluq həsrətinə son qoyandan sonra bu mövsüm üçün də çox iddialı görünürdü. Aşağı liqadan yenicə qalxan və tarixi ərzində heç vaxt çempion olmayan “Tyun”un bütün rəqiblərini üstələyəcəyi heç kimin ağlına da gəlməzdi. Amma 128 illik tarixə malik klub sona həftələr qalmış çox rahat şəkildə çempion oldu! Buna qədər “Tyun” maksimum 2-ci yeri tutmuşdu. Bu kollektiv 2005-ci ildə hətta “Arsenal”, “Ayaks” və “Sparta”nın olduğu qrupda yer alaraq ÇL-in əsas mərhələsində də iştirak etmişdi. Çempionluq sayında İsveçrədə lider “Qrasshoppers”di (27). Baxmayaraq ki, bu kollektiv 20 ildən çoxdu zəfər əldə edə bilmir. İkinci pillədə isə “Bazel” (21) qərarlaşıb.
Yunanıstan: AEK (14-cü çempionluq)
Düzdü, AEK-in həsrəti elə də böyük deyildi. Amma Türkiyədə “Qalatasaray”da olduğu kimi Yunanıstanda gözümüz “Olimpiakos”un çempionluğuna o qədər öyrəşib ki, başqa istənilən çempion sürpriz kimi qəbul olunur. Hərçənd AEK son 4 mövsümdə artıq ikinci, 2018-dən bəri 3-cü çempionluğunu qazandı. Özü də yetərincə böyük xal fərqi ilə. AEK 14-cü çempionluğunu qazansa da, bu göstəricidə nəinki “Olimpiakos”dan (48), hətta 2010-dan bəri titula həsrət qalan “Panatinaikos”dan (20) da geri qalır.