"Qarabağ" Bizon ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Şamaxı"ya qalib gələrək (3:1) yarımfinala yüksəldi.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçuları təbrik edirəm. Vacib qələbə qazandıq. İkinci hissədə oyunu ələ almışdıq. Düzdü, bəzi anlarda səhvlər etdik. Sıx qrafikdəyik. Qarşıdakı oyunlarda futbolçular daha yaxşı olacaq. Azarkeşlərə təşəkkür edirəm. Komandaların yanlarında oldular.
- Kadi “8 nömrə” mövqeyində oynadı. Bu, yeni mövsüm üçün sınaqdı?
- Kadi bu mövqedə də oynaya bilir. Əvvəlki matçlarda Pedro Bikalyo çox güc sərf etmişdi. Ehtiyat etdik. İstərdik ki, daha çox ön xətdə oynasın. Lakin “8 nömrə” kimi də oynamağı bacarır. Gələcəkdə belə rotasiyalar edəcəyik.
- Yarımfinalda rəqibiniz “Sabah” ola bilər. Azarkeşlər də bu cütü arzulayır…
- Rəqibin kimliyinin fərqi yoxdu. Azarkeşlər üçün də belə cütlər maraqlıdı. Kim düşsə, oynayacağıq.
- “Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib ki, ötən mövsüm ölkə kubokunun final oyunundan sonra qələbələrinə kölgə salmısız...
- Keçmişə qayıtmaq istəmirəm. Üzrlü hesab edin, bu suala cavab verməyəcəm.
- Qrafik yenidən sıxlaşdı. Görünür, apreldə üç dəfə “Sabah”la qarşılaşa bilərsiz, həm də “Neftçi” ilə oynayacaqsız. Təxirə salınmış Azərbaycan derbisi də var. Futbolçuların millilərinin düşərgəsindən hansı formada qayıdacağı da sual altındadı. Belədə sıx qrafikin öhdəsindən gələ biləcəksiz?
- Gələcək hələ bilinmir. Proqramı götür-qoy etməli, hər oyuna hazırlaşmalıyıq. Ola bilər yorucu olsun. Psixoloji gərginlik də mümkündü. İşimiz futbolçuları oyunlara kökləməkdi. Bəzən alınmır. Yorğun olsaq da, hər oyuna maksimum nəticə üçün çıxırıq.
- Ceremi Qnali ilk dəfə start heyətində yer aldı. Onun çıxışını necə dəyərləndirirsiz?
- İlk oyunu idi. Hiss olunurdu ki, hələ tam uyğunlaşmayıb. Normal haldı, yavaş-yavaş optimal formasını bərpa edəcək.
- Sanki “Qarabağ”ın üzərində təzyiq çoxdu, tək qalmısız. Bunu hiss edirsiz?
– Futbolda belə şeylər olur. Psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oynayırıq. Mövsümün əvvəlindən gərgin rejimdə olmuşuq. Oyunlararası vaxt az olub. Sakit qalmağa vaxt yoxdu. Bizdən gözləntilər böyükdü. Deyirik, Çempionlar Liqasında liqa mərhələsinə vəsiqə qazandıq, sakitləşək, yox, daha gərgin saatlar, tələblər başlayır. Bunlar normaldı. Özümü tək hiss etmirəm. Kollektivik. Bəzən intriqalar ola bilər. Amma bunlar meydanda olur. Kənarda münasibətlər normaldı. Bəzən gərgin rejim altında haldan düşmüş kimi görünə bilərik. Çalışırıq ki, bunları hiss etdirməyək. Bu işin başındayıqsa, hazır olmalıyıq.
- Yayda yenilənmiş “Qarabağ” görə bilərik, ya heyətdəki bəzi çatışmazlıqları aradan qaldırıb, yola davam etməyi düşünürsüz?
- Hər şey ola bilər. Bizdən asılı olan-olmayan səbəblərə görə çoxlu dəyişiklik də yaşana bilər.
- Əvvəlki mövsümlərdə əsas və ehtiyat heyət arasında ciddi fərq olmurdu. Amma sanki son dönəmlərdə komandalar arasında fərq çoxdu. Belədisə, bununla bağlı plan varmı?
- Detallı təhlil edirik. Müəyyən məqamlar var. Bu mövsüm oyunların sayı çox oldu. Əlavə olaraq, Çempionlar Liqasının öz yükü var. Oyundan-oyuna gərginlik və tələb çoxalır. Futbolçular da bəzən bunlara dözmür. Bu mövsüm çox futbolçu transfer edə bilmədik. Bizdən asılı səbəblər deyildi. 4-5 futbolçu var idi ki, hər şey razılaşdırılmışdı, amma son anda “yox” cavabı oldu. İstəməzdim ki, digər heyəti “zəif” adlandırım. Futbolçular oynamadıqca formalarından uzaqlaşırlar. Heyətin daha geniş olmasını istərdik.
- Bədavinin fiziki durumu daha çox oynamağa imkan verir?
- Ondan çox razıyam. Oyuna yanaşması, idman forması məni tam qane edir. Qarşıdakı oyunlarda oynamaq ehtimalı çoxdu.
- Kamilo Duranı daha çox sağ vinger kimi oynatmağı düşünürsüz?
- Gözləniləndi... Hadisələrin axarına baxacağıq. Duranın fiziki dözümlülüyü daha yaxşı olsa, həmin mövqedə oynamaq ehtimalı çoxdu.