Premyer-liqanın 26-cı turunda ''Mançester Yunayted'' ''Vest Hem''in qonağı oldu.
"Football-plus.az" xəbər verir ki, Maykl Karrikin təyinatından sonra yüksəlişə keçən və ardıcıl 4 qələbə qazanan ''Yunayted'' autsayderlərdən olan ''Vest Hem'' ilə qarşılaşmada aşkar favorit hesab olunurdu. Bu oyun həm də manikunianların məşhur fanatı Frank İlettin iddiasına görə futbol dünyasında böyük maraq doğururdu. Əslən Oksforddan olan bu azarkeş 2024-ün oktyabrında saçını keçəl qırxdırdıqdan sonra maraqlı bir çellenc yaratmaq qərarına gəldi. O, ''Yunayted'' ardıcıl 5 qələbə qazanmayana qədər saçını kəsdirməyəcəyinə söz verdi. İlett əvvəlcə bunun cəmi bir neçə ay çəkəcəyini düşünürdü. Amma 493 gün ötməsinə baxmayaraq o hələ də bərabərə gedə bilməyib.
Nəhayət, dünən uzun saçlarından qurtulmaq üçün onun əlinə gözəl fürsət düşmüşdü. Amma ''qırmızı şeytanlar'' bu həlledici məqamda qələbə seriyasını davam etdirə bilmədilər! 50-ci dəqiqədə Tomas Souçek londonluları hesabda önə keçirdi. Oyunu dostları ilə izləyən İlettin həmin andakı reaksiyası artıq sosial şəbəkələrdə yayılıb. Buraxılan qoldan sonra o üzgün şəkildə əlini üzünə qoyaraq başını aşağı əydi. Benjamin Şeşko əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə ''Yunayted''i məğlubiyyətdən xilas etsə də, komandanın qələbə seriyası qırılıb.
Hələ də saçını kəsdirə bilməyən və sosial şəbəkələrdə artıq 2 milyondan çox təqibçisi olan İlettin çellenci ən azı martın 21-nə qədər davam edəcək.