Aktual məsələlərdən biri klubun addəyişmə prosesinə start versə də, sonradan hələ açıqlanmayan səbəblər üzündən geri çəkilməsidi. Xatırlayırsızsa, hələ ötən ilin dekabrında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli klubun əvvəlki adının - “Turan”ın bərpasıyla bağlı xahişlə quruma müraciət etdiyini demişdi. Əlavə edək ki, tovuzlular bununla bağlı sənədləri İcraiyyə Komitəsinə təqdim edib və məsələyə müsbət yanaşılıb.
Onu da bildirək ki, “bozqurd” vaxtilə borc məsələlərinə görə müxtəlif vaxtlarda bir neçə oxşar adı sınayıb. İş ondadı ki, “Turan” adı ölkəmizi avrokuboklarda təmsil edən ilk komanda kimi hamıya doğmadı. Klub rəhbərliyinin tarixi adı bərpa etmək cəhdləri məhz bu mövzudan qaynaqlanır. Sadəcə, ad dəyişikliyi həm də “Turan” adı altında faəliyyət göstərmiş klubun borclarını ödəməsindən sonra baş verə bilər. Hər halda, klubun bu məsələni necə, nə vaxt həll edəcəyi bilinmir. O bəllidi ki, “Turan Tovuz”un hüquqi baxımdan “Turan”a bağlılığı yoxdu. Buna bamayaraq, klubun Tovuz şəhər stadionu ərazisində yerləşən və açılış mərasimi fevralın 14-də baş tutan akademiyasının binası üzərində “Turan Futbol Klubu” yazılıb. Bununla bağlı onu da xatırladaq ki, klubun adı 2014-cü il oktyabrın 10-na qədər “Turan” olub, həmin tarixdən sonra isə “Turan Tovuz”a çevrilib.
Bölgə təmsilçisinin aradan qaldırmalı olduğu digər problem isə Tovuz şəhər stadionunun süni ot örtüyü ilə bağlıdı. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev ötən ilə qədər süni ot örtüyünün təbii örtüklə əvəz edilməsi üçün lazım olan xərcin yarısını qarşılamaq iqtidarında olduğunu, qalan məbləğin AFFA tərəfindən ödənilməsini arzulayırdı. Lakin qurumun təklifə isti yanaşmaması planların dəyişməsiylə nəticələndi. Ehtiram bəyin açıqlamasını xatırlayaq:
“Bu iş şəxsi vəsaitimiz hesabına olacaq. Bəli, dəstək üçün AFFA-ya müraciət etmişdik. Ancaq qurumun işləri çoxdu. Federasiyanın strateji planları açıqlandıqdan sonra bizə nəsə deyilmədi”.
Göründüyü kimi, “Turan Tovuz” hazırda iki böyük arzusunu yerinə yetirməkdə çətinlik çəkir. Bəs bu məsələlərə nə vaxt aydınlıq gələcək? Planda olan işlərin görülməsi mümkündümü? Bu suallarla “bozqurd”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Klub rəsmisi qəzetimizə açıqlamasında bunları dedi: “Hazırda bu işlərlə bağlı son detallar müzakirə olunur. Məlum olduğu kimi, klubumuzun infrastrukturla bağlı layihələri çoxdu. Layihələndirmə və smeta məsələləri təsdiqlənəndən sonra, təxminən iyulun əvvəlində bu və digər önəmli məsələlərlə bağlı rəsmi açıqlama verəcəyik. Amma indi də boş oturmuruq. Müəyyən xırda işlər görülür. Məsələn, əlil azarkeşlər üçün yerlər UEFA-nın standartlarına uyğun hala gətirilir”.
Qısası, “Turan Tovuz”un işi çoxdu. Əsas məsələ isə qarşıdakı aylarda məlum problemlərin aradan qaldırılıb-qaldırılmayacağıdı. Klub xüsusən mövsümlərarası fasilədən maksimum yararlanmalıdı. Belədə üzə çıxan daha bir çatışmazlıq isə ev oyunlarının harda keçiriləcəyi ilə bağlı olacaq. Əlbəttə, burda “Kəpəz”in də stadionsuz qaldığını nəzərə almalıyıq. Görəsən, Qərb təmsilçilərinə kim qucaq açacaq?
KƏNAN BAHADIR





