Çərşənbə günü 1962-ci ildən keçirilən Türkiyə kubokunda 63-cü mövsümə yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, “Qalatasaray” aşkar favorit sayılsa da, “Trabzonspor”un layiqincə müqavimət göstərəcəyini gözləyənlər az deyildi. Özü də ötən həftəsonu Trabzon təmsilçisi bu rəqibə evdə uduzmuşdu. Amma Fatih Təkkənin komandası yenə meydanda bir varlıq göstərə bilmədi.
Daha doğrusu, “Qalatasaray” növbəti dəfə hazırda Türkiyə futbolunda rəqib tanımadığını göstərdi. Oyun Barış Alpər Yılmazın erkən qolu ilə start götürdü. Qaradənizlilər ən real fürsəti yarım saatın tamamında yaxaladılar. Sançesdən topu oğurlayan Ozan Tufan qapıçı Günay Güvənclə dueldən məğlub ayrıldı. Okan Burukun bu mövsüm bütün kubok oyunlarında start heyətində şans verdiyi bu qapıçı finalda ən həlledici məqamda səhnəyə çıxmaqla qələbəyə töhfəsini verdi.
İkinci hissə şübhəli qolla başladı. Osimhen Okay Yokuşlunun qarşısını kəsərək topa sahib çıxdı və Uğurcanı məyus etdi. Trabzonlular uzun müddət hakimə etiraz etsələr də, Cihan Aydının qərarı dəyişmədi. Vəziyyəti dəyişmək üçün hücuma atılan və müdafiədə boşluqlar buraxmağa başlayan “Trabzonspor” çox keçmədən növbəti dəfə mərkəzə dəvət olundu. Osimhen Yunus Akgünün gözəl keçidindən və ötürməsindən sonra çətinlik çəkmədən topu tora göndərdi. Hər üç qolda hesabına məhsuldar ötürmə yazan Yunus da finalın qəhrəmanlarındanm biri oldu.
Beləliklə, “Qalatasaray” 6 illik həsrətə son qoydu və Okan Burukun dönəmində Türkiyə daxilində qazana bilmədiyi yeganə titul olan ölkə kubokuna da sahib çıxdı. Komanda sonuncu dəfə 2019-da finalda “Akhisarspor”u yenməklə ölkə kubokunu qazanmışdı. “Trabzonspor”un medal almağa çıxmaması diqqəti çəkdi.
final
Trabzonspor – Qalatasaray 0:3
Barış Alpər Yılmaz, 5. Osimhen, 46; 63.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Saviç, Bataqov (Lundstram, 45+2), Mustafa Eskihellaç, Okay Yokuşlu (Draquş, 60), Mendi (Sərdar Saatçı, 80), Zubkov, Ozan Tufan (Çam, 80), Nvakaeme, Banza (Visça, 60).
Qalatasaray: Günay Güvənc, Şallai, Sançes, Əbdülkərim Bardakcı (Kaan Ayhan, 72), Ərən Elmalı (Yakobs, 78), Torreyra, Lemina (Kərəm Dəmirbay, 72), Yunus Akgün, Sara (Morata, 62), Barış Alpər Yılmaz, Osimhen (Mertens, 72).
Faktlar
* Qalatasaray” Türkiyə kubokunda keçirdiyi 24-cü finalda 19-cu qələbəsini qazandı. Hər iki göstərici bu turnirin rekordudu. Kuboku ən çox qazanan klubların siyahısında 2-ci pillədə qərarlaşan “Beşiktaş”ın 11 titulu var.
* “Trabzonspor” 17-ci dəfə kubokun finalında iştirak etdi və 10-cu dəfə uduzdu. Finalda məğlubiyyət baxımından antirekord “Fənərbaxça”ya (11) məxsusdu.
* “Qalatasaray” kubokun finalında 4-cü dəfə “Trabzonspor”la qarşılaşdı və 3-cü qələbəsini qazandı. Buna qədər “sarı-qırmızılar” bu rəqiblə oyunlarda 1976 və 1985-ci illərdə sevinmişdi. Qaradənizlilər isə 1995-də üstün olub.
* Türkiyə kubokunu 40-cı dəfə yerli məşqçi qazandı. Əcnəbi mütəxəssislər 23 dəfə qalib olub ki, onların arasında ən çox almanlar (5 dəfə) və ingilislər (4) sevinib.
* Osimhen “Qalatasaray”ın heyətində 39-cu rəsmi oyunda vurduğu qolların sayını 35-ə çatdırdı. O, 2000/01-də 43 oyuna 34 dəfə fərqlənən Mario Jardelin rekordunu geridə qoydu və klub tarixində bir mövsümə ən çox qol vuran əcnəbi futbolçuya çevrildi!
* Osimhen “Qalatasaray” tarixində kubokun finalında dubl edən ilk əcnəbi futbolçu oldu!
* Daha öncə 2018-də “Akhisarspor”un başında bu titulu qazanan Okan Buruk Türkiyə futbolu tarixində iki fərqli komanda ilə kuboku qazanan 5-ci məşqçi oldu. Ona qədər bunu Aykut Kocaman (Konyaspor, Fənərbaxça), Necdet Niş (Fənərbaxça, Sakaryaspor), Samet Aybaba (Gənclərbirliyi, Trabzonspor) və Mustafa Dənizli (Qalatasaray, Beşiktaş) bacarmışdı.
* Okan Buruk futbolçu (5) və baş məşqçi (2) kimi ölkə kubokunu ümumilikdə 7-ci dəfə qazanmaqla bu göstəricidə yeni rekord müəyyənləşdirdi! Xatırladaq ki, Türkiyə çempionluğunu də həm futbolçu (7), həm də baş məşqçi (3) kimi hamıdan çox qazanan futbol adamı məhz Burukdu!
* “Qalatasaray” Türkiyə kubokunda iştirak etdiyi ardıcıl 8-ci finaldan qələbə ilə ayrıldı! Komanda sonuncu dəfə finalda 1998-ci ildə məğlub olub. Həmin vaxt “Beşiktaş” penalti seriyasında üstün olmuşdu.
* Muslera 7-si çempionluq, 5-i ölkə kuboku və 6-sı ölkə superkuboku olmaqla Türkiyə karyerasnda 18-ci titulunu qazandı. Bununla da o, Türkiyə futbol tarixinin ən çox titul qazanan futbolçusu statusunda olan Bülənt Korkmazı yaxaladı. Yəni Muslera həftəsonu daha bir çempionluq qazandıqdan sonra bu göstəricidə Türkiyə futbolunun yeni rekordçusu olacaq!
* “Qalatasaray” “Trabzonspor”u ardıcıl 6-cı rəsmi oyunda məğlub edərək bu rəqibə qarşı ən yaxşı qələbə seriyasını təkrarladı. “Sarı-qırmızılar”ın daha öncə belə seriyası 2001-03-cü illərdə olmuşdu.
* “Trabzonspor” son 15 ildə kubokun finalında ardıcıl iki mövsüm uduzan ilk komandadı. Sonuncu dəfə bu aqibəti 2009 və 2010-cu illərdə “Fənərbaxça” yaşamışdı. Trabzonlular ötən mövsüm finalda “Beşiktaş”a uduzmuşdular (2:3).
Oyundan sonra
Fatih Təkkə, “Trabzonspor”un baş məşqçisi: