Aprelin 23-24-də İtaliya kubokunda yarımfinalın cavab oyunları keçirildi.
Əlbəttə, Milan klublarının bu mərhələdə bir-birinə rəqib olması cəlbedici görünsə də, buna təəssüflənənlər də az deyildi. Hər necə olsa, finala lombardiya təmsilçilərindən yalnız biri çıxacaqdı ki, buna “Milan” nail oldu.
Qeyd edək ki, reqlamentə əsasən, turnirin yarımfinalına qədər olan bütün mərhələlərin qalibləri biroyunluq mübarizə nəticəsində müəyyən edilib. Mövsümün həlledici mərhələsində azarkeşlərini yalnız bu ilin əvvəlində ölkə superkubokunu qazanmaqla sevindirən “Milan”dan “futbol ili”ni üç kubokla başa vurmaq şansını saxlayan “İnter”ə qarşı daha bir hünər göstərmək tələb olunurdu.
Məsələ ondadı ki, “qırmızı-qaralar” Stefano Pyolinin baş məşqçi vəzifəsindən istefaya göndərilməsindən sonra “qara-göylər”ə qarşı müxtəlif turnirlərdə keçirdikləri 4 oyunda 2 qələbə və 2 heç-heçəyə nail olmuşdular. Halbuki Pyolinin baçılığı altında keçən əvvəlki 6 (!) derbidə “İnter” qalib gəlmişdi. Serjio Konseysaonun yanvarda “Milan”ın başındakı ikinci sınağında əzəli rəqibi 3:2 hesabıyla məğlub edərək superkuboku qazandığını xüsusi xatırladaq. Ölkə kubokunun aprelin 2-də keçirilən ilk oyununda (1:1) qalibin müəyyənləşməməsi cavab görüşünə marağı daha da artırmışdı.
Xatırladaq ki, “İnter” cari mövsümün 4-cü derbisinə çox sayda itki ilə çıxmışdı. Onda Simone İnzaqinin ilk dəqiqələrdən meydana çıxardığı heyət “Milan” üçün bir qədər əlverişli sayılmış və əzəli rəqiblər qollu “sülh”ə razılaşmışdılar.
Son oyunların statistikasına baxmayaraq, cavab görüşünün də favoriti “İnter” hesab olunurdu. A seriyasında ardıcıl 2-ci çempionluğa doğru addımlayan İnzaqinin komandası 1-ci yerdə olarkən, “Milan” liderdən 20 (!) geri qalmaqla 9-cu yeri tutur. Amma futbolda mövcud olan məşhur deyimlərdən birində derbi xarakterli oyunlarda rəqiblərin turnir cədvəlindəki mövqeyinin çox da vacib göstərici sayılmadığı vurğulanır. “Milan” cari mövsümdə bu fikri növbəti dəfə təsdiqlədi.
Doğrudu, ilk hissə Konseysaonun komandası üçün çətin keçdi. Matça fəal başlayan “İnter”in hesabı açmaq üçün bir neçə real imkanı oldu. Lakin derbidə top ilk dəfə məhz bu komandanın qapısında göründü: 36-cı dəqiqədə Alexandro Ximenesin ötürməsinə reaksiya verən Yoviç hesabı açdı. O, fasilədən az sonra ikinci qolu vurmaqla “qara-göylər”in işini daha da çətinə saldı. Üç turnirdə mübarizə aparması səbəbindən oyunların sıxlığından əziyyət çəkən “İnter”in oyunçularının getdikcə yorulduğu hiss olunurdu. Bundan maksimum yararlanan “qırmızı-qaralar” son dəqiqələrdə 3-cü qolu da vurdular.
Beləliklə, “Milan” əzəli rəqibinin “trebl” planını darmadağınla pozdu!
Yarımfinalın digər cütündə qalibin kimliyi böyük ölçüdə ilk matçda məlum olmuşdu. Empolidə üç cavabsız qol vuran “Bolonya” eyniadlı rəqibini evdə də məğlub etdi – 2:1. Final mayın 14-də Romada keçiriləcək.
yarımfinal, cavab oyunları
İnter - Milan 0:3 (ilk oyun - 1:1)
Yoviç, 36; 49. Reynders, 86.
İnter: X.Martines, Darmian (Korrea, 83), Bissek, De Vrey, Bastoni, Dimarko (Zalevski, 54), Barella (Frattezi, 54), Asllani (Çalhanoğlu, 54), Mxitaryan, Taremi (Arnautoviç, 54), L.Martines.
Milan: Menyan, Ernandes (Bertezaqi, 87), Qabbya (Tiav, 59), Tomori, Pavloviç, A.Ximenes, Fofana, Reynders (Feliş, 87), Pulişiç (Loftus-Çik, 78), Leao, Yoviç (Abraham, 78).
Bolonya - Empoli 2:1 (3:0)
Fabbian, 7. Dallinqa, 86 – Kovalenko, 33.
Bolonya: Ravalya, De Silvestri, Beukema, Lukumi (Erik, 46), Likoyannis, Moro, Fröyler (Əl-Azzuzi, 82), Orsolini (Dominges, 46), Fabbian (Pobeqa, 72), Kambyaqi (Pedrola, 72), Dallinqa.
Faktlar
* “Milan” 14-cü, 2017/18 mövsümündən sonra isə ilk dəfə finala çıxdı. Hesabında 5 titul olan komanda ölkə kubokunu sonuncu dəfə 2003-cü ildə qazanıb.
* “Milan” 2007/08 mövsümündən sonra ilk dəfə ikinci finala vəsiqə qazandı. Komanda onda Karlo Ançelottinin başçılığı altında Klublararası Dünya Çempionatının son oynunda “Boka Xuniors”a, Avropa Superkubokunda isə “Sevilya”ya qalib gəlib.
* “Milan” cari mövsümdə baş tutan 5-ci derbidə 3-cü qələbəsini qazandı. Qalan iki matç heç-heçə nəticələnib.
* “Milan” bir mövsüm ərzində üçüncü dəfə 3 derbidə qələbə qazandı. “Qırmızı-qaralar” bundan əvvəl 1971/72 və 2004/05 mövsümlərində belə uğura nail olmuşdular.
* “Milan”ın əzəli rəqibi üzərində 2016-cı ildən sonra ən böyükhesablı qələbəsini qazandı. İtaliyanın ən titullu ikinci komandası 9 il əvvəl də 3 cavabsız qolla qalib gəlmişdi. Derbidə sonuncu ən böyükhesablı qələbəni də 2001-ci il mayın 11-də “Milan” qazanıb – 6:0.
* Konseysao bu il “Milan”ı ikinci finala çıxardı. Portuqaliyalı mütəxəssis yanvarda komandanı İtaliya Superkubokunda qələbəyə daşımışdı.
* “İnter” son iki ildə ilk dəfə ardıcıl iki matçda məğlub oldu. İtaliyanın son çempionu aprelin 20-də A seriyasında “Bolonya”ya uduzmuşdu (0:1). İnzaqinin komandasının 2023-cü ilin yazında “Yuventus”a və “Fiorentina”ya məğlub olduğunu da xatırladaq.
* Yoviç 2024-cü ilin yanvarından sonra ilk dəfə dubl etdi. “Milan”ın hücumçusu onda ölkə kubokunun “Kalyari” ilə oyununda komandasının 4:1 hesablı qələbəsində iki qolla rol oynamışdı. Serb futbolçu son 5 oyunda 3 qol vurub. Maraqıdı ki, o, bundan əvvəl cari mövsümdə rəqb qapısına yol tapa bilməyib.
* “Bolonya” 3-cü, 1973/74 mövsümündən sonra isə ilk dəfə finala çıxdı. Komanda onda “Palermo”ya əsas və əlavə vaxtı 1:1 hesabıyla sona çatan matçdan sonrakı penalti seriyasında qalib gəlməklə (4:3) 2-ci dəfə kuboka sahib çıxıb. Turnirdəki ilk qələbəsi 1969/70 mövsümünə təsadüf edən “Bolonya”nın 1967/68 mövsümündə 4 komandanın iştirakıyla keçirilən final turnirində sonuncu yeri tutduğunu da xatırladaq.
Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi: