Tur cümə günü Adanada start götürdü. Yüksəlişdə olan “Kayserispor”, gözlənildiyi kimi, elitanı tərk etməsi çoxdan rəsmiləşən “Adana Dəmirspor”la oyunda ciddi problem yaşamadı. Maraqlıdı ki, Kayseri təmsilçisi superliqa çərçivəsində bu rəqibə qarşı keçirdiyi 7-ci səfər oyununda ilk qələbəsini qazandı (3 heç-heçə, 3 məğlubiyyət).
Şənbə günü üç oyun keçirildi. “Sivasspor” Rizədə son anlarda məğlubiyyətdən qurtularaq elitada qalmaq yolunda mühüm 1 xal qazandı. “Konyaspor”un rəsmi matçlarda 3 oyunluq qələbə seriyası “Fatih Terim” stadionunda başa çatdı. 2-ci hissənin ortalarında penaltini dəqiq yerinə yetirən Pyontek heç də inamlı təsir bağışlamayan “İstanbul BŞ”yə qələbə qazandırdı. Təcrübəli forvard həm bombardirlər yarışının lideri Osimhenlə fərqi minimuma endirdi, həm də başakşəhərlilərin heyətində 46-cı qolunu vuraraq klub tarixinin ən məhsuldar oyunçuları siyahısında 2-ci pilləyə yüksəldi. O, 2011-17-ci illərdə bu klubda forma geymiş Doka Madureyranı (45) geridə qoydu. İndi Pyontek bu siyahıda yalnız Edin Visçadan (110) geri qalır. Günün son oyununda “Samsunspor” Antalyada bərabərliyi qoruya bilməyərək məğlub oldu. Son 6 turda cəmi 1 qələbəsi olan və bu müddətdə 18 mümkün xalın yalnız 3-nü qazanan Samsun təmsilçisinin hələ də 3-cü pillədə qərarlaşması heyrət doğurmaya bilməz.
Bazar günü qarşılaşmaları qonaqların qələbələri ilə start götürdü. Ötən tur “Fənərbaxça” ilə ev oyununda (2:4) məğlubiyyətsiz və qol buraxmamaq seriyaları qırılan “Bodrum” səfərdə “Alanyaspor”u minimal hesabla üstələdi. Ege təmsilçisi Joze Moraişin başçılığı altında keçirdiyi 8-ci superliqa matçında 5-ci qələbəsini qazandı (2 heç-heçə, 1 məğlubiyyət) və topladığı xalları 17-yə yüksəltdi. Maraqlıdı ki, komanda mövsümün ilk 21 oyununda yalnız 16 xal toplamışdı! “Alanyaspor”un 5-ci turdan bəri ilk dəfə düşmə zonasına gerilədiyini də bildirək. “Eyüpspor” isə eyni hesabla səfərdə “Hatayspor”dan üstün oldu. Günün və turun mərkəzi oyunu Kadıköydə keçirildi. “Qalatasaray”ın meydana çıxmadığı turda “Fənərbaxça”nın əlinə xal fərqini 3-ə endirmək üçün gözəl fürsət düşmüşdü. Joze Mourinyonun komandası həm də kubokdakı fiaskonu unutdurmaq istəyirdi. “Trabzonspor” cəbhəsi Fatih Təkkəyə çox ümid bəsləyirdi. Bu məşqçi əvvəlki illərdə 3 fərqli komandanın başında səfərdə “Fənər”dən xal almağı bacarmışdı.
Mourinyonun heyətdə əməlli-başlı rotasiya etməsi sürpriz oldu. “Qalatasaray”la oyunla müqayisədə “11-lik”də 7 dəyişiklik edilmişdi və komanda 5 yox, 4 müdafiəçili sistemə keçmişdi. İlk yarını qonaqların hesabına yazmaq olar. Yaxşı müdafiə olunan “Trabzonspor” irəlidə də fürsətlər yaxalayırdı. Bir epizodda Banzanın zərbəsindən sonra top tirə dəydisə, fasilə ərəfəsində Draquş yerli fanatları susdurdu. Mövsümün qırılma anında Mourinyonun oyunçularına nə dediyi bilinməsə də, ikinci hissədə meydana fərqli bir “Fənərbaxça” çıxdı. Əvəzetmələr də özünü doğrultdu. Məhz fasilədən sonra meydana çıxan Talişka matçın qəhrəmanı oldu. O əvvəlcə Osayi-Samuelə qarşı kobudluğa görə VAR-ın müdaxiləsi ilə qazanılan penaltini qola çevirdisə, çox keçmədən Şkrinyar lazımi vaxtda lazımi yerdə peyda olaraq topu tora göndərdi. Slovakiyalı müdafiəçi ötən tur da qol vurmuşdu. “Trabzonspor” bu mövsüm önə keçdiyi oyunlarda ən çox (22) xal itirən komandadı. Ona görə də qaradənizlilərin qol buraxandan sonra psixoloji cəhətdən çökməsi təəccüblü olmadı. Təkcə bir faktı vurğulayaq ki, “Trabzonspor” bu mövsüm İstanbul nəhənglərinə qarşı 5 matçın hamısında (!) hesabda önə keçdiyi halda, bu qarşılaşmalarda cəmi 1 xal toplayıb. Qalan vaxtda Talişka iki mükəmməl qol vuraraq fərqi darmadağın həddinə çatdırdı. Beləliklə, “Fənər” sona 8 tur qalmış xal fərqini 3-ə endirməklə çempionluq yolunda xeyli ümidləndi. Xatırladaq ki, ilk dövrədən, yəni 19-cu turdan sonra xal fərqi 8-ə bərabər idi. Fatih Təkkənin başçılığı altında 4-cü rəsmi oyunda ilk dəfə uduzan “Trabzonspor”un isə düşmə zonasından cəmi 5 xal öndə olması diqqəti çəkir.
Son vaxtlar ''Beşiktaş''ın qəniminə çevrilən və son 3 superliqa matçında güclü rəqibini məğlub edən ''Kasımpaşa'' turun son oyununda tarixə düşə bilərdi. Belə ki, ''Kasımpaşa'' ''Fənərbaxça'' və ''Qalatasaray''ın ardından ''Qartal''ı ardıcıl 4 oyunda məğlub edən ilk komanda olacaqdı. 14-cü dəqiqədə hesabı açan meydan sahibləri qələbəyə çox yaxın idi. Həftəiçi ''Göztəpə'' ilə oyunda qırmızı vərəqə görən Tayyip Talha Sanuç bu dəfə də ilk yarı tamamlanmadan meydandan qovuldu. Buna baxmayaraq? İstanbul nəhəngi xarakter nümayiş etdirdi və son anlarda Jedson Fernandeşin penaltidən vurduğu qolla məğlubiyyətdən qurtulmağı bacardı. ''Qalatasaray'' üzərində qazanılan qələbə ''ağ-qaralar''ın son 5 rəsmi matçdakı yeganə uğurudu.
30-cu tur
Fənərbaxça – Trabzonspor 4:1
Talişka, 51-p.; 64; 77. Şkrinyar, 60 – Draquş, 45+4.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Şkrinyar, Ciku (Talişka, 46), Mərt Müldür, Amrabat, Fred, Tadiç (Çağlar Söyüncü, 67), Şimanski (İrfan Can Kahveci, 81), Sen-Maksimen (Oğuz Aydın, 67), Ceko (Cenk Tosun, 86).
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Okay Yokuşlu, Saviç, Arif Boşluk (Sərdar Saatçı, 70), Mustafa Eskihellaç (Cihan Çanak, 70), Lundstram (Ozan Tufan, 65), Mendi (Nvakaeme, 80), Zubkov, Draquş (Visça, 65), Banza.
Kasımpaşa - Beşiktaş 1:1
Ben Uanes, 14 - Fernandeş, 90-p.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Əmirhan Topçu (Tayyip Talha Sanuç, 17), Masuaku, Fernandeş, Oksleyd-Çemberleyn (Arroyo, 83), Muçi (Salih Uçan, 72), Rafa Silva, Mario (Raşitsa, 46), İmmobile (Mustafa Həkimoğlu, 46).
Göztəpə - Qaziantep 1:1
Kubilay Kanatsızkuş, 90+4 - Xəlil Dərvişoğlu, 48.
İstanbul BŞ – Konyaspor 1:0
Pyontek, 71-p.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər, Duarte, Ba, Operi, Berat Özdəmir, Krespo (Umut Günəş, 87), Kemen (Fiqeyredo, 87), Yusuf Sarı (Həmzə Gürələr, 80), Brniç (Dəniz Türüc, 67), Pyontek (Keni, 87).
Antalyaspor – Samsunspor 2:1
Sonər Dikmən, 45. Qayç, 84 – Zəki Yavru, 52.
Hatayspor – Eyüpspor 0:1
Tiam, 23.
Çaykur Rizəspor – Sivasspor 1:1
Berkay Özcan, 70-p. – Simiç, 84.
Adana Dəmirspor – Kayserispor 0:2
Kartal Yılmaz, 10. Bahoken, 52.
Alanyaspor – Bodrum 0:1
Əli Aytemur, 81.
1. Qalatasaray 28 22 5 1 69-29 71
2. Fənərbaxça 28 21 5 2 71-26 68
3. Samsunspor 29 15 6 8 45-34 51
4. Beşiktaş 28 13 9 6 42-28 48
5. Eyüpspor 29 13 8 8 42-32 47
6. İstanbul BŞ 28 12 6 10 45-38 42
7. Göztəpə 28 10 9 9 46-36 39
8. Qaziantep 28 11 6 11 37-37 39
9. Antalyaspor 29 11 6 12 34-53 39
10. Kasımpaşa 29 9 12 8 50-53 39
11. Trabzonspor 28 9 9 10 45-36 36
12. Konyaspor 29 9 7 13 34-41 34
13. Çaykur Rizəspor 28 10 4 14 35-47 34
14. Bodrum 29 9 6 14 23-33 33
15. Kayserispor 28 8 9 11 34-46 33
16. Sivasspor 29 8 7 14 39-47 31
17. Alanyaspor 29 8 7 14 32-43 31
18. Hatayspor 28 4 7 17 29-52 19
19. Adana Dəmirspor (-12) 28 2 4 22 26-67 -2
Bombardirlər: Osimhen (Qalatasaray) – 20, Pyontek (İstanbul BŞ) – 19, Banza (Trabzonspor) – 17, Ən-Nəsiri (Fənərbaxça) – 16.
Növbəti turun oyunları aprelin 11-14-ü aralığında keçiriləcək: Beşiktaş – İstanbul BŞ, Bodrum – Antalyaspor, Eyüpspor – Adana Dəmirspor, Qaziantep – Hatayspor, Kayserispor – Kasımpaşa, Konyaspor - Göztəpə, Samsunspor – Qalatasaray, Sivasspor - Fənərbaxça, Trabzonspor – Çaykur Rizəspor.
Turun rəqəmi
100 – ötən tur Duşan Tadiç “Fənərbaxça”da 100-cü rəsmi oyununu keçirmişdisə, bu dəfə eyni göstəriciyə Sebastyan Şimanski nail oldu. 2023-ün yayında İstanbul nəhənginə transfer olunan polşalı yarımmüdafiəçi ilk mövsümdə 55 rəsmi oyuna çıxaraq 13 qol, 19 məhsuldar ötürməlik performans sərgiləmişdi. Bu mövsüm isə o, 45 rəsmi oyuna çıxaraq komandaya 7 qol, 9 məhsuldar ötürməlik fayda verib. Maraqlıdı ki, Tadiçlə Şimanskiyə qədər “Fənər” tarixində cəmi 2-ci mövsümdə 100 oyun həddinə çatan futbolçu olmamışdı. Bu mövsüm isə birdə-birə iki futbolçu buna nail olub.
Turun ulduzu
Anderson Talişka (Fənərbaxça) – təcrübəli braziliyalı futbolçu hər nə qədər “Qalatasaray”la oyunlarda özünü göstərə bilməsə də, komandası üçün ən vacib məqamda liderlik keyfiyyətlərini nümayiş etdirdi. Daha öncə 2 mövsüm “Beşiktaş”ın şərəfini qorumuş “sambaçı” heç vaxt Türkiyə çempionatında sonradan meydana çıxdığı oyunda qol sevinci yaşamamışdı. Bu dəfə isə o, birdən-birə 3 qol vurdu! “Fənər”in tarixində daha öncə superliqada cəmi 2 futbolçu – Tuncay Şanlı (2002 dekabr) və Səlcuk Yula (1982 noyabr) “Trabzonspor”a qarşı het-trik etmişdi. Amma Talişka bunu sonradan meydana çıxaraq edən ilk futbolçu oldu! 31 yaşlı ulduz həm də 53-cü superliqa oyununda ilk dəfə het-trik etdi.
Turun sitatı
Allan Sen-Maksimen, “Fənərbaxça”nın vingeri: