İki boksçumuz qələbə qazandı - AÇ

16.11.2026 20:00 0
İdman
Xorvatiyanın Poreç şəhərində start götürən boks üzrə U-23 Avropa çempionatının ilk günü millimiz üçün uğurlu alınıb.

"Football-plus.az" xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışda rinqə çıxan hər iki təmsilçimiz qələbə qazanaraq 1/8 finala vəsiqə əldə edib.

60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev 1/16 finalda yunanıstanlı Georgios Pliasla qarşılaşıb. Gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gələn boksçumuz növbəti mərhələdə israilli Abdullah Rahalla üz-üzə gələcək.

70 kq-da yarışan Nicat Alırzayev isə belçikalı İdris Əhməd Xlifiyə heç bir şans verməyib. Təmsilçimiz üçüncü raundda tam üstünlüklə qalib gələrək adını 1/8 finala yazdırıb. Onun növbəti rəqibi litvalı Edqaras Trotenskis olacaq.

Hər iki boksçumuz 1/8 final görüşünü noyabrın 18-də keçirəcək.

Azərbaycan millisinin 7 idmançı ilə təmsil olunduğu Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq.