Mançiniyə kim xələf olacaq?

24.10.2024 13:30 287
Dünya futbolu
Roberto Mançini işini itirməyə çox yaxındı. İtaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı yığmasından qovulmaq üzrədi.

O, baş məşqçi vəzifəsindən istefaya göndərələcəyi halda 30 milyon avro təzminat alacaq. Bu barədə “Calcio e Finanza” nəşri məlumat yayıb. 59 yaşlı Mançininin yaxın zamanda işdən azad edilməsi üçün danışıqlar aparılır. Səudiyyə Ərəbistanı yığmasının Bəhreynə qarşı son ev oyununda yalnız heç-heçəyə (0:0) nail olması yerli federasiyanın rəhbərliyində böyük narazılıqla qarşılanıb. Xatırladaq ki, hazırda DÇ-2026-nın seçmə turnirində C qrupunda 4 oyuna 5 xal toplayan Mançininin komandası Yaponiya və Avstraliyadan sonra 3-cü yeri tutur. 59 yaşlı məşqçinin asiyalılarla əməkdaşlığa 2023-cü ilin avqustunda başladığını da yada salaq. Onunla bağlanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının rəhbərliyi baş məşqçi vəzifəsinə Zinəddin Zidanı gətirmək istəyir. Federasiyanın artıq Zidana görə hərəkətə keçdiyi də xəbər verilir. 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra heç bir komandanı çalışdırmayan fransalı mütəxəssis indiyədək aldığı bütün təklifləri geri çevirib.