Bu həftə Misli premyer-liqasında olduğu kimi, futbol üzrə ölkə çempionatının 1-ci liqasında da millinin oyunlarıyla bağlı fasilə başa çatır. Beləliklə, bu gün 5-ci tura start verilir. Üç gün ərzində keçiriləcək matçlar PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.
Açılış görüşünə Yevlaxda şahidlik edəcəyik. “Karvan” “doğma divarlar” arasında çempionluğa iddialı “İmişli”ni qəbul edəcək. Qarşılaşmanı həm də turun mərkəzi matçı adlandıra bilərik. Ona görə ki, meydan sahibləri məğlub olsa, zirvəni tərk edə bilər. Qonaqlar Yevlaxa məhz bu məqsədlə təşrif buyuracaq. Həmçinin hər iki komandanın məğlubiyyətsizlik seriyası var. “Karvan” mövsümün bütün sınaqlarından üzüağ çıxıbsa, “İmişli” son dörd matçda uduzmayıb. Belədə əvvəldən sonadək davam edəcək gərgin mübarizə haqda düşünmək olar. Fərid Namazovun komandası yevlaxlı azarkeşlərin təzyiqini də nəzərə almalıdı. İkinci oyunda “Qaradağ Lökbatan” “Mingəçevir”i qəbul edəcək. Meydan sahibləri ötən mövsüm çempionatın güclüləri sırasındaydı. İndi dövran dəyişib ki, xalsız komanda təbii olaraq, turnir cədvəlinin sonuncusudu. Baş məşqçi postunu Azər Həşimovdan təhvil alan Fərid Məmmədovun kollektivi “qara zolaq”dan çıxara bilib-bilməyəcəyi maraq doğurur. Hər halda, “nur şəhəri”nin təmsilçisiylə görüşdə mövsümün ilk xal və ya xallarını almaq vacibdi. Qonaqlar da “futbol ili”nə uğurlu başlamayıb. Elə bu məqam Ədəhim Niftəliyevin komandasını döyüşməyə, səfərdən xoşbəxt qayıtmağa sövq edəcək.
“Cəbrayıl” – MOİK matçı oktyabrın 18-də keçiriləcək. Əvvəlcədən qeyd edək ki, ordu klubunun ev oyunları üçün sifariş etdiyi Binə qəsəbə stadionunda aparılan təmir və yenidənqurma işləri üzündən 1-ci dövrənin MOİK – “Cəbrayıl” oyunuyla 2-ci dövrənin “Cəbrayıl” – MOİK görüşlərinin yeri dəyişdirilib. Bu üzdən Qarabağ təmsilçisi meydan sahibi qismindədi. “Cəbrayıl” fürsətdən yararlanıb xal ehtiyatını yaxşılaşdırmaq, qonaqlar isə mövsümdə ilk qələbəsini qazanmaq uğrunda tər tökəcək. Hər halda, “Cəbrayıl”ı daha şanslı saya bilərik. Növbəti matçda “Zaqatala” “Baku Sportinq”i qəbul edəcək. Maraqlıdı ki, bölgə təmsilçisi yeni mövsümdə hələ məğlub olmayıb! Zaqatalalıları da “futbol ili”nin sürprizi saya bilərik. O başqa məsələ ki, komanda uğurlarını davam etdirmək üçün daha çox çalışmalıdı. Bakılılara qalib gəlməklə motivasiyanı artırmaq, iddialı rəqibləri çəkindirmək mümkündü. “Baku Sportinq” isə hələ arzuladığı nəticələrə həsrət qalıb. İlk dörd oyunda xallar itirən kollektiv uğursuz nəticələri səfərdə kompensasiya etməyə çalışacaq.
Qeyd edək ki, tura oktyabrın 19-da keçiriləcək “Qəbələ” – “Difai” matçıyla yekun vurulacaq.
16 oktyabr
Karvan – İmişli 3:2
Bəhruz Teymurov, 1. Maqsud Ələkbərov, 80. 20. Roman Hüseynov, 89 - Elmir Rəhimzadə, 46. Pablo Enrike Alves, 68.
Yevlax, şəhər stadionu. Saat 15.00.
Qaradağ Lökbatan – Mingəçevir 0:0
Lökbatan, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.
18 oktyabr
Cəbrayıl – MOİK
Bakı, “ASCO Arena”. Saat 13.30.
Zaqatala – Baku Sportinq
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Xal durumu: Karvan – 12, Qəbələ - 10, İmişli – 9, Zaqatala – 8, Cəbrayıl – 7, Baku Sportinq, Mingəçevir – 4, MOİK – 2, Difai – 1, Qaradağ Lökbatan – 1.
Bombardirlər: Bəhruz Teymurov (Karvan) – 6, Seyxan Fərəcov (İmişli) – 4.
KƏNAN BAHADIR