Region Liqasının 2024/25 mövsümündə mübarizə aparacaq komandalardan biri də "Record club"du. Bu komanda tarixində üçüncü dəfə çempionatda çıxış edəcək. Hədəf 2-ci liqaya vəsiqə qazanmaqdı.
Bu barədə "Football-plus.az"a komandanın baş məşqçisi Elşad Məmmədov məlumat verib. O saytımıza açıqlamasında mühüm problemdən də bəhs edib. Mütəxəssisi dinləyək:
"Region Liqasında çempion olmaqla 2-ci liqaya yüksəlmək niyyətindəyik. Bir neçə gün ərzində "Record" İdman Kompleksinin açılışını edəcəyik. Stadion məsələsinin həll olunması şanslarımızı daha da artıracaq. Cümə günündən etibarən hazırlığa başlayacağıq. Təəssüf ki, komandanın formalaşdırılmasıyla bağlı problemlə üzləşmişik. Yerli futbolçu qıtlığı var. Məqsədimiz ölkəmizdə olan perspektivli gəncləri və bəzi təcrübəli oyunçuları bir araya gətirib gərgin mübarizədən üzüağ çıxmaqdı. Ümid edirəm ki, tezliklə bu problem həll olunar. Özünə inanan, potensialı olan futbolçuları komandamda görmək istəyərəm. "Record club"da forma geymək, böyük futbola doğru addımlamaq arzusunda olanlar mənimlə əlaqə saxlaya bilər".
KƏNAN BAHADIR